backend

Kölndə Xocalı ilə bağlı etiraz mitinqi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 18-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar etiraz mitinqi keçirilib.  Fevralın 18-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar etiraz mitinqi keçirilib. 

Mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub.

Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasının təmsilçilərindən ibarət 250 nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətinə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaq idi.

Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarını törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.

Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, on minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Vurğulanıb ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq qəti və ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqları dərhal və qeyd-şərtsiz işğaldan azad edilməlidir.

Çıxış edənlər, eyni zamanda, bildiriblər ki, bu gün Azərbaycan 1990-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir – güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarını işğalçılardan azad etməyə hazırdır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir, dünyada regionun lider dövləti kimi qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətini birmənalı şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıblar.

Etiraz aksiyasında çıxış edən həmvətənlərimiz Xocalı soyqırımının tarixdə analoquna az rast gəlinən dəhşətli bir cinayət aktı olduğunu qeyd ediblər. Bildirilib ki, müasir dünyanın bu cür soyqırımlarına, terror aktlarına laqeyd qalması, öz etiraz səsini qaldırmaması insanların daha təhlükəsiz və sabit dünyada yaşamaq ümidlərini azaldır.

Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. (Azərtac)