Kolbasaların tərkibi və dadı dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər deyir ki, yeni standartlar satışı stimullaşdıracaq 

Mütəxəssislər deyir ki, yeni standartlar satışı stimullaşdıracaq

 

Azərbaycanda ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir. Milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılır. Bunun üçün ət məhsulları istehsalçılarının xahişi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan boşluqlar araşdırılıb. Həmçinin kolbasa və sosiskaların tərkibinə əlavələrin edilməsi onun saxlama müddətinin artmasına da səbəb olacaq. Standartlara edilən dəyişikliyin iyunun 15-nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir.  

Edilən dəyişiklikdən sonra kolbasanın dadında, keyfiyyətində, qiymətində və tərkibindəki ətin miqdarında  hər hansı bir fərqin olub-olmayacağını öyrənməyə çalışdıq.

 

Ət məhsullarımızın xarici bazara çıxış potensialı yüksəkdir

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı deyir ki, milli standartlar mütəmadi olaraq beynəlxalq standartlara uyğunlaşdırılır: “Bu gün prezident tərəfindən qoyulan ciddi vəzifələrdən biri də Azərbaycanın yerli məhsullarının xarici bazara çıxışını təmin etməkdir. Azərbaycanda ət məhsulları istehsalı çox geniş bazardır. Ət məhsulu istehsalçıları və sahibkarlar müasir texnologiyaların tətbiqi ilə beynəlxalq standartlara cavab verən yeni istehsal müəssisələri yaradıblar. Ölkəmizdə olan ət məhsullarının xarici bazara çıxış potensialı yüksək qiymətləndirilir. Bu baxımdan da məhz bu məhsulların istehsalçıları ilə Dövlət Komitəsinin ekspertləri arasında keçirilən görüşlərdə, texniki komitələrin işində, müzakirələrdə ət məhsullarının standartlarına yenidən baxılması aktual hesab edildi. Xarici bazara çıxış, rəqabət qabiliyyətini artırmaq üçün məhsullarımızın tərkibinin beynəlxalq standartlara uyğunlaşması məsələsi ortaya qoyuldu”. 

F.Talıblı qeyd edir ki, bu sahədə dövlətlərarası standartlar mövcuddur ki, həmin standartlarda məhsulun tərkibinə müxtəlif növ tərəvəz məhsulları vurulur: “Bu, onun keyfiyyətini, saxlanma müddətini artırmaqla bərabər, məhsulun rəqabət qabiliyyətini də yüksəldir. Bu baxımdan, biz hesab edirik ki, normativ sənəd hazırlanarkən müvafiq qurumlar tərəfindən araşdırılır, laborator analizlər aparılır. Hər bir standartın tətbiqi böyük bir elmi araşdırmanın nəticələrinə söykənir. Nümunələr götürülərək məhsulun tərkibi yoxlanılır. İnsan orqanizminə təsiri araşdırılır. Və əgər sağlamlığa mənfi təsiri yoxdursa, həmin standartların tətbiqi ilə məhsulun istehsalına icazə verilir” . 

Kolbasanın tərkibində edilən bu dəyişikliklərin ondakı ətin miqdarına və bazardakı satış qiymətinə necə təsir edəcəyini soruşduq. Şöbə müdiri bildirdi ki,  kolbasanın tərkibində ətin, suyun və digər xammalların müəyyən kütlə payı var: “Başqa xammal daxil edildikdə, təbii ki, müəyyən dəyişikliklər olacaq. Amma bu, ətin yox, digər xammalların kütlə payının azalması hesabına olacaq. Standartlar təsdiq edildikdən sonra biz bunu mətbuata təqdim edəcəyik. Həmin standartlarda konkret olaraq hər şey aydın yazılacaq. Keyfiyyətli, orqanik cəhətdən  təmiz kənd təsərrüfatı məhsulları istehsalında Azərbaycan öncül ölkələrdəndir. Bizdə yetişdirilən tərəvəzlərin həm keyfiyyəti, həm onun satış qiyməti elə baha deyil ki, bu, hazırlanacaq məhsulun qiymətinə təsir etsin. Əksinə, bu proses satışı stimullaşdıra bilər. Son nəticə olaraq isə onu deyə bilərəm ki, qiyməti bazar özü tənzimləyəcək ”.

 

Yaxşı təklifdir, amma… 

 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu dəyişikliyin tam tərəfdarı olduğunu dedi: “Lakin bu məsələdə bir məqamla razılaşmıram ki, standartlar tətbiq edildiyi təqdirdə, kolbasanın saxlanma müddətini artırmaq niyyətindədirlər. İyirmi ildir mən mübarizə aparıram ki, dövlət orqanlarının siyasəti mümkün qədər malların yararlılıq  müddətinin azalmasına yönəlsin. Çünki istehsalçılar daim onu istəyirlər ki, malın saxlama müddətini sonsuz edib, istehlakçıya sırısınlar. Necə ki, mövcud standartların əleyhinə olaraq spirtli içkiləri, siqaretləri saxlama müddəti müəyyən etmədən bazara çıxarırlar. Bu yaxınlarda Azərbaycanda keçirilən kənd təsərrüfatı yarmarkasında gürcülər və belaruslarla ciddi mübahisə etdim. Çünki onlar spirtli içkilərin yararlılıq müddətini qoymamışdılar. Bu kimi bir sıra malların yararlılıq müddəti sonsuz göstərilir. Bu isə yolverilməzdir. İllərdir istehsalçılar məni malın yararlılıq müddətini artırmaq üçün dəfələrlə protokol imzalamağa dəvət ediblər. Bir dəfə də olsun razı olmamışam. Ölkədə yararlılıq müddəti uzun olan çox sayda mallar var. Bu da insanların sağlamlığına öz təsirini göstərir. Apteklərdə insanların növbəyə durması mənim dediklərimin əyani sübutudur. Kolbasaların tərkibinə tərəvəzlərin vurulmasının tərəfdarı olsam da, edilən dəyişikliklər kolbasanın xarici bazara çıxış imkanını artırsa da, məhsulun saxlanma müddətinin uzadılmasına qarşıyam”. 

Müsahibimizdən bazarda ətin qiymətinin bu qədər baha olduğu halda nə üçün kolbasanın aşağı qiymətə satıldığını soruşduq. “Çünki həmin kolbalara vurulan ət Azərbaycana Hindistandan 3 manat 50 qəpiyə gətirilir. Və kolbasa sexləri də əsas etibarilə o ətlərdən istifadə edir. Lakin müəyyən mənada biznes qurumlarının toxunulmaz olduğu və harada, necə gəldi kolbasa istehsal edildiyi bir şəraitdə hər bir ətin, yəni istər it, istər eşşək ətinin onun tərkibinə vurulması istisna olunmur. Amma bir neçə kolbasa istehsalı ilə məşğul olan şirkətlər var ki, onlar Azad İstehlakçılar Birliyinin ictimai nəzarəti altındadır. Bunlar “Sevimli dad”, “Zəhmət-Ruzi” və “Halal nemət, min bərəkət” kolbasalarıdır. Biz ABŞ-ın inkişaf agentliyinin təklifi ilə həmin müəssisələrə qida təhlükəsizlik nişanını şamil etmişik. Və düşünürəm ki, bu dəyişiklikdən sonra bazarda kolbasanın qiymətinin aşağı düşmə ehtimalı var”.