“Nazirlər Kabinetinin təsdiqlədiyi yeni tələblərə əsasən, 15 ildən çox yaşı olan avtomobillə taksi xidməti göstərmək mümkün olmayacaq. Həmçinin istehsal ili 8 ildən çox olan avtomobillərə buraxılış kartı verilməyəcək. Taksilərlə bağlı qəbul edilən bu qərardan sonra yaşı 15 ildən çox olan bütün avtomobillərin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir. Eyni zamanda yaşı çox olan maşınların qiymətləri yarıbayarı aşağı düşüb. Belə ki, bir ay əvvəl 12 minə olan “Prius”lar 6-7 minə, 16 minə olan “Prius”larsa 8-9 minə təklif olunur. Bundan başqa digər avtomobillərin satış sayında da artım var. Nəzərə alaq ki, bu gün şəhərlərarası taksi xidməti göstərən avtomobillərin yaşı 20-dən yuxarıdır. Təbii ki, hökumətin bu qərarının həmin taksilərə də təsiri olacaq. Ona görə də həmin avtomobillərin sahibləri maşınlarını kütləvi şəkildə satışa çıxarırlar”.
Bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a açıqlamasında deyib.
O bildirib ki, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin yaşı 15 ildən çoxdur. Ona görə də bu avtomobillərdən istifadə məcburi şəkildə məhdudlaşacaq. Buraxılış ili çox olan avtomobillər əsasən, fərdi istifadə üçün yararlı olacaq. Bu isə köhnə avtomobillərə tələbatı azaldacaq. Nəticədə köhnə avtomobillər yaxın bir neçə ayda xeyli ucuzlaşacaq.