Özəl klinikaların mühafizəçiləri də qarışıq bütün personalı gərək xəstələr və onların yaxınları ilə normal rəftar qaydalarını mənimsəsinlər. Bu yaxınlarda mən də əsəblərimi cilovlaya bilməsəydim gördüyüm münasibətə görə gərək klinikada kimisə döyəydim.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Nicat Dağlar yazıb. O bildirib ki, xalq artisti Ağadadaş Ağayevin üzləşsiyi hala klinikalar özləri şərait yaradır:
“İyulun 19-u gecə saatlarında təcili həkimə müraciət etmək zərurəti yarandı. Xırdalıqlara toxunmuram. Üz tutduq özəl klinikalardan birinə. Təcili yardım şöbəsinə müraciət etdik. Növbədəki işçilər kiminləsə telefonla danışandan sonra bildirdilər ki, həkim gələ bilməz, səhəri gözləməlisiz. Nə illah etdiksə, həkim gəlmədi təcili yardım şöbəsinə. Əsəblərimiz tarıma çəkilmişdi. Orta heyət tibb işçiləri, mühafizəçilərlə mübahisə getdikcə davaya da çevrilə bilərdi. Yaxşı ki, özümüzü ələ ala, emosiyaları idarə edə bildik. Bəlkə də başqası olsaydı həmin o təcili yardım şöbəsinin içindən canlı yayım açıb, baş verənləri ictimailəşdirərdi. Sadəcə biz o adam deyilik. Kor şeytanı lənətləyib birtəhər ötüşdürə bildik. Amma başqa cür də ola bilərdi və səni cinayət törətməyə təhrik edə bilərdilər. Bəzən buna bir söz belə səbəb ola bilir.
Təsəvvür edin, klinikadan ayrılanda bizə ödəniş vərəqi verdilər və orada HƏKİM XİDMƏTİNƏ görə ödəniş qeyd olunmuşdu. Niyə belə yazmısız deyə soruşanda, dedilər ki, həkimlə telefonla danışmışıq.
Belə olur ki, ortaya balta çıxır!
Allah yaralanan şəxsə də, Ağadadaş Ağayevə də kömək olsun.
Özəl klinikaların mühhafizəçiləri də qarışıq bütün personalı gərək xəstələr və onların yaxınları ilə normal rəftar qaydalarını mənimsəsinlər!”.
Nigar