İran parlamenti uşağı olan kişilərin atalıq məzuniyyətinə çıxmasına icazə verən qanun layihəsi qəbul edib. Deputatlar bu yolla ölkədə doğum nisbətini artırmaq niyyətindədirlər.
İran parlamenti uşağı olan kişilərin atalıq məzuniyyətinə çıxmasına icazə verən qanun layihəsi qəbul edib. Deputatlar bu yolla ölkədə doğum nisbətini artırmaq niyyətindədirlər.
Bazar günü İran İslam Şurası Məclisinin iclası zamanı qəbul olunan qanuna əsasən dövlət işində və özəl təşkilatlarda işləyən kişilərə uşağa baxmaq üçün iki həftəlik məzuniyyətin verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan IRNA-ya istinadla xəbər verir ki, İqtisadi İnkişafa dair altıncı Beşillik Planın 118-ci maddəsinə edilən bu dəyişikliyin lehinə 136 deputat səs verib. 36 deputat bunun əleyhinə səs verib, iki nəfər isə bitərəf qalıb.
Bu addım İranın Ali Dini lideri Seyid Əli Xameneyinin ölkədə demoqrafik situasiyanın yaxşılaşdırılması ilə bağlı tövsiyələri çərçivəsində atılıb. Hakimiyyət ümid edir ki, İran liderinin bu direktivi ölkədə doğum səviyyəsinin yüksəlməsinə, nikahlarla bağlı maneələrin aradan qaldırılmasına, böyük ailələrin populyarlaşmasına, orta evlilik yaşının aşağı düşməsinə, həmçinin analara hamiləlik və uşağın südlə qidalandırılması dövründə maddi stimul verməyə kömək edəcək.
Sənəddə sonsuzluğun müalicəsi üçün kompensasiyanın ayrılması, əlçatan təhsilin köməyi ilə ailə əsaslarının möhkəmləndirilməsi, gənclər arasında dinamizmin ümumi inkişafı da əksini tapıb. Bazar günü keçirilən iclasda qanunvericilər qadınların pensiya yaşını da aşağı endiriblər.
Onlar indi yaşlarından asılı olmayaraq, 20 illik əmək fəaliyyətindən sonra pensiyaya çıxa biləcəklər. Məclisin deputatı Süheylə Celodarzadə (Soheila Jeloudarzadeh) əmindir ki, bu təşəbbüslər qadınlara uşaq və yeniyetmələrin tərbiyəsinə daha çox diqqət ayırmağa kömək edəcək. Qanun layihəsi bütövlükdə qəbul edilməzdən qabaq Konstitusiyaya Nəzarət Şurası tərəfindən tədqiq və təsdiq edilməlidir.