Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qabil Əşrəfovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 13-də, saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində qeydə alınıb.
Belə ki, Qabil Əşrəfov qonaq kimi getdiyi mənzildə dostu, zərərçəkmiş İmran Kamalovla (şərti) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, yumruqla dostunun sifətinə bir dəfə qəsdən vuraraq onun sağlamlığa yüngül zərər yetirib.
Hadisədən sonra Qabil Əşrəfov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.