Kirayə müqaviləsi ilə bağlı YENİLİKbackend

Kirayə müqaviləsi ilə bağlı YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İpoteka və Kredit Zəmanət Fondu razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçəcək və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər müraciət edən şəxs öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməli idi. Fond isə razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilirdi.

Digər dəyişikliyə görə, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda – məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda – barışıq sazişi bağlamaqla) davam etdirəcək.