Kirayə mənzil bazarında vergi effekti: 2026-cı ildə bahalaşma gözlənilir

Kirayə mənzil bazarında vergi effekti: 2026-cı ildə bahalaşma gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox hallarda evini kirayə verən vətəndaş, ödəməli olduğu vergini kirayəçi üzərinə yükləməyə çalışır. Bu, qanunvericiliyə görə düzgün yanaşma deyil. Əgər bir şəxs mənzilini rəsmi şəkildə, müqavilə əsasında kirayə verirsə, o, əldə etdiyi gəlirdən vergi ödəməyə borcludur. Evdə yaşayan kirayəçi isə bu vergini ödəmək öhdəliyinə malik deyil.

Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev növbəti ildən evini kirayə verənlərdən 10 faizlik vergi tələbi barədə danışarkən deyib. Ekspert qeyd edib ki, əvvəl evini kiratə verənlər gəlirinin 14 faizini vergi formasında dövlətə ödəməli idi, lakin heç də hər kəs müqavilə əsasında evini kirayə vermədiyi üçün bu vergidən yayınırdı:

“Praktikada mənzil sahibləri, vergiyə görə əlavə xərclə qarşılaşmamaq üçün kirayə qiymətini artırırlar. Yəni faktiki olaraq, ödəyəcəkləri vergi yükünü dolayısı ilə kirayəçinin cibindən çıxarmağa çalışırlar. Bu isə təbii olaraq bazarda ümumi qiymət artımına səbəb olacaq.

Bu səbəbdən 2026-cı ildən etibarən kirayə mənzil bazarında növbəti bahalaşma dalğası gözlənilir. Vergidən yayınan, mənzilini müqaviləsiz kirayə verən şəxslər də bu vəziyyətdən öz xeyirlərinə istifadə edəcəklər. Onlar vergi ödəməsələr də, “bazarda qiymətlər qalxıb” arqumenti ilə kirayə haqqını süni şəkildə artıracaqlar.

Nəticədə kirayə bazarında iki paralel seqment formalaşacaq:

Rəsmi müqavilə ilə ev verən və vergi ödəyənlər — mənzillərini daha baha qiymətə təqdim edəcəklər;

Müqaviləsiz, qeyri-rəsmi kirayə verənlər — qiymətləri nisbətən az qaldıraraq daha çox kirayəçi cəlb etməyə çalışacaqlar.

Beləliklə, yeni vergi mexanizmi bazarda şəffaflığı artırsa da, qısamüddətli dövrdə qiymət artımına səbəb olacaq”.

Gülşən Rəsul