Vəziyyət bu şəkildə davam edərsə, yaxın aylarda kirayə mənzil bazarındakı vəziyyət daha da ağırlaşa bilər. Buna görə də ev axtarışında olan tələbələr dərslərin başlamasına az qalmış yox, daha tez kirayə mənzil axtarışına çıxsalar yaxşı olar.
Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev paytaxtın kirayə mənzil bazarı ilə bağlı danışarkən deyib. O bildirib ki, köhnə binalar davamlı olaraq söküldüyü üçün Bakıda ucuz qiymətə olan kirayə evlər də yoxa çıxır:
“Son illər Bakıda aparılan söküntü işləri, köhnə binaların, evlərin sökülməsi səbəbindən kirayə mənzil bazarında qıtlıq yaranıb. O da özü ilə bərabər qiymət artımını da gətirib. Sökülən köhnə binalarda kirayə qiymətləri əlçatan idi. İndi həmin binalar sökülüb, yerinə yeni binalar inşa edilib. Ancaq bina yeni olduğuna görə kirayə haqqı da avtomatik olaraq qalxıb. Bu artım 2 dəfədən də çoxdur. Nəzərə alsaq ki, kirayə mənzillər daha çox tələbələr axtarır, bu artım da tələbələrə heç bir şəkildə sərf etmir. Bu qiymətlər həm bölgədən gəlib təhsil alan, həm də kirayədə qalan tələbə üçün olduqca çətindir.
Paytaxtda aparılan söküntü işləri, köhnə binaların sökülərək yeni binalarla əvəzlənməsi davam edərsə, yaxın aylarda kirayə mənzil bazarındakı vəziyyət daha da ağırlaşa bilər. Buna görə də ev axtarışında olan tələbələr dərslərin başlamasına az qalmış yox, daha tez kirayə mənzil axtarışına çıxsalar yaxşı olar”.
Gülşən Rəsul