Kimsəsiz qızlarla evlənək istəyənlərin sayı artıb. Uşaq evlərində böyüyən, heç kəsi olmayan qızlara “elçi” düşənlərsə xüsusi qayğıya ehtıyacı olanlar və onların ailələridir.
Tribunainfo.az yazır ki, bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, 2023-cü ilin 10 ayı ərzində qaynar xəttə daxil olan zənglərdən 74 vacib hesab etdiyimiz müraciətlərin təhlili aparılıb. 74 nəfər müraciət edərək evlilik məqsədi ilə Uşaq Sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib:
“55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib, 5 nəfər kişi müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini bildirib.
5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə yaş həddi 29-42 yaş arasındadır.
Ən əsası!!! Kimsəsiz qızlara “elçi” düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını bildirib.
31 nəfər bildirib ki, epilepsiyası, “uşaq” kimidir -yəni əqli geriliyi var. 37 nəfər fiziki qüsurlu – DSP, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli və ya digər xəsarətlidir.
Yalnız 1 müraciət kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qaynana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib”.