Dünyanın ən yüksək zirvəsi – Everesti fəth edən ilk azərbaycanlı qadın
Bu müddət əvvəl, ad günümdə bir neçə qurumun Altıağac Milli Təbiət Qoruğunda təşkil etdiyi hikingə – piyada yürüşə qoşuldum. Yürüş zamanı məndən alpinist çıxmayağacına əmin olsam da, ümumilikdə tədbir məndə xoş təəsürat oyatdı. Biləndə ki, mənimlə birlikdə yürüşdə dünyanın ən hündür zirvəsi – Everestə (8848 metr) qalxan ilk azərbaycanlı xanım Elmira Aslanova da iştirak edir ikiqat sevindim. Onunla müsahibə etmək qərarına gəldim.
Qısa arayış:
Elmira Aslanova 1982-ci il, 3 iyunda Gədəbəydə anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinə köçüb. V.N.Karazin adına Xarkov Milli Universitetini (2000–2005) bitirib, İngilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. Alpinizmə 2018-ci ildən Nepalda Torong-La (5416 m) aşırımından keçməklə – trekking yürüşü ilə başlayıb. Bundan əvvəl Xarkovda turizm şirkətinin rəhbəri olub. 2023-cü ilin 19 may tarixində dünyanın ən hündür dağ zirvəsini – Everesti fəth edib. Elmira Aslanova bu barədə kitab yazıb, onun haqqında film çəkilib.
Fəth etdiyi əsas yüksəkliklər:
– Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m
– Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m
– Kazbek (Gürcüstan, 07.2021) — 5033 m
– Kilimancaro (Tanzaniya, 11.2021) — 5895m
– San-Fransisko (Çili, 01.2023) — 6018 m
– Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m
– Akonkagua (Argentina, 02.2023) — 6960.8m
– Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m
– Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m
– Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243m
Tribunainfo.az Elmira Aslanova ilə müsahibəni təqdim edir.
– Elmira xanım, bu sualı, çox güman ki, sizə çox veriblər. “Ən yüksək zirvəni fəth edən” olmaq nə deməkdir, insan nə hisslər keçirir?
– Mən ən yüksək zirvədə olanda hələ harada olduğumu və nə etdiyimi tam dərk etmirdim. İnsan bunu tədricən baş düşməyə başlayır. Amma ümumi desəm, bu, ən mümkünsüz arzumu reallaşdıra bildiyimi anlamaq idi. Başa düşdüm ki, heç birimiz hansı potensiala malik olduğumuzu bilmirik. Everest sayəsində mən özümü daha yaxından tanıdım və içimdə nə qədər güc olduğunu gördüm. Və indi 19 may, Everestə qalxdığım gün, doğum günüm kimi mənim üçün şəxsi bayramdır.
– Sağlam qalmaq üçün, zirvələri fəth etmək üçün necə qidalanmaq lazımdır, ümumiyyətlə alpinistin qida rasionu necədir?
– Mən ümumilikdə düzgün qidalanmağa çalışıram. Əksər hallarda çalışıram zülal, yağ və karbohidratları hesablayım. Amma bu, hər zaman alınmır. Xüsusilə Bakıda olanda hansısa qidalanma qaydalarına əməl etmək çox çətindir. Burada daim qohumların evinə qonaq gedirəm və onlar məni həmişə sevinclə Azərbaycan mətbəxinin yeməklərini yedirdirlər. Təbii ki, bundan imtina etmək çətin olur. Bizim mətbəximiz çox dadlıdır və sevdiyim ev qutablarından və kətədən imtina etmək heç də asan deyil.
– Çox adam Everesti fəth etməyinizə görə sizə heyranlığını bildirir. Amma paxıllıq edənlər də az olmaz.
– Təəssüf ki, bu həqiqətdir. Amma mənə dəstək olan və gözəl münasibət bəsləyən insanlar daha çoxdur. Əvvəllər mənə qarşı deyilən neqativ fikirləri və münasibətləri ümumiyyətlə qəbul etmək çox çətin idi. Amma hansısa anda başa düşdüm ki, bu, ictimaiyyət qarşısında olmağın bir hissəsidir. Hətta az tanınmış olsan belə, sənə paxıllıq edən insanlar mütləq tapılacaq. Və bu zaman artıq fərq etmir ki, sən kimsən və nə edirsən. Bu, məşhur olmağın ayrılmaz bir hissəsidir. İndi mən bunu Everestə aparan yola bənzədirəm. Əgər sən Everestə gedirsənsə, bilməlisən ki, yolda ölən insanlar olacaq. Bu, o yolun bir hissəsidir. Bu, ağırdır, amma dəyişilməz bir reallıqdır. Sadəcə bunu qəbul etmək lazımdır.
– Tanınmış ukraynalı alpinist və buz dırmanışçısı Valentin Sipavin müsahibələrinin birində bildirir ki, Everest artıq industrial dağa çevrilb, brenddir və “Everest” filmi nə qədər inandırıcı çəkilsə də artıq dağlara o vaxtlardakı kimi çıxmırlar. İndi daha təhlükəsiz və komfortludur, çünki avadanlıqlar, paltarlar, texnika yaxşıya doğru dəyişib. Bununla belə deyir ki, Everest yenə də Everestdir, hündürlüyü 1 metr də azalmayıb, yenə soyuqdur, yenə oksigen çoxalmayıb orada…
– İndi Everestə və digər dağlara qalxmaq məsələsində bir bölgü var: kommersiya və peşəkar alpinistlik. Təbii ki, bu, hazırlıq və çətinlik baxımından fərqli səviyyədir. Və alpinistlərin aləmində bunu hamı bilir. Amma mənim fikrim belədir: əgər bu gün adi bir insan, uşaq yaşlarından alpinizmlə məşğul olmaq imkanı olmayan biri öz arzusunu gerçəkləşdirə, Everestə gedə, bu gözəlliyi televizorda yox, öz gözü ilə görə bilirsə, bu möhtəşəmdir. Və Everest hələ də hər kəs üçün əlçatan deyil, burada sənin nə qədər oksigen ehtiyatın olmağın və ya nə qədər peşəkar hazırlaşmağın heç də həmişə rol oynamır. Mən həm də dağın bir enerjisi, hər bir insanın öz yolu olduğuna inanıram. İnanıram ki, çox şey bizdən asılıdır, amma hər şey yox. “Dağ özü qərar verir – səni qəbul etsin, ya yox” – mən buna əminəm! Amma eyni zamanda bunu ilahi bir şeylə əlaqələndirirəm. İnanıram ki, əgər bu sənin yolundursa – Allah mütləq sənə zirvəyə çıxmağa kömək edəcək.
– Ümumiyyətlə bildiyimə görə, Everestdən qat-qat çətin, 8000-7000 metrlik və hətta daha kiçik, amma daha təhlükəli zirvələr var.
-Bəli, bu, həqiqətən də belədir. Şəxsən mən məhz Everestin gücünü və enerjisini hiss etmək istəyirdim.
– Aydındır ki, alpinistin fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Siz yaxşı fiziki formanızı saxlamaq üçün nə edirsiniz? Alpinistin əlbət xüsusi məşqləri var?
– Məşqlər həyatın bir hissəsi olmalıdır. Mütləq şəkildə kardio və güc məşqləri olmalıdır. Mən qaçıram, idman zalına gedirəm. Dağa qalxan insanlar üçün trenajor-eskalatorda məşq etmək çox faydalıdır. Və mən krossfitə (qarışıq, intensiv və müxtəlif hərəkətlərdən ibarət məşq növü) çox böyük həvəs göstərirəm.
– Everestə çıxmaq bildiyimə görə, sizə 60 min dollara başa gəlib və sizə qardaşınız sponsorluq edib. Ümumiyyətlə alpinizm bahalı bir idman növüdür?
– Bəli, alpinizm bahalı bir məşğuliyyətdir. Xüsusilə də söhbət hündür dağlardan gedirsə.
-Düşünürmüsünüz ki, nə vaxtsa fikirləriniz dəyişə bilər və dağlar sizə ora qalxmaq qədər artıq maraqlı olmaz?
-Mən dağları çox sevirəm və həmişə dağlara getmək istəyirəm. Məni dayandıra biləcək yeganə şey – analıqdır. Mən balaca övladımı qoyub, uzun müddət hündür dağlara gedə bilmərəm, xüsusilə də orada həlak olmaq və geri dönməmək ehtimalını anlayaraq.
– Nə vaxtsa istədiyiniz bir insana görə, sevgiyə görə dağlara çıxmaqdan vaz keçərsiz?
– Mən hazırda ailəli deyiləm. Amma belə bir vəziyyət olmuşdu ki, gələcək həyat yoldaşı kimi düşündüyüm bir insan mənə şərt qoymuşdu – dağlara getməyəcəyəm. Bu, hələ Everestdən əvvəl idi. Elə bir an oldu ki, düşündüm: bəlkə, doğrudan da dayanmaq lazımdır, axı mən də ailə və uşaqlar istəyirəm. Amma sonra anladım ki, bu düşüncə məni içdən sındırır. Əgər bir insan səni sevir və hörmət edirsə, səni sındırmaz və özünə uyğunlaşdırmağa çalışmaz. O, sənin hobbilərinə, sənə vacib olan şeylərə hörmətlə yanaşar. Mən ailə qurmağı çox istəyirəm və inanıram ki, bir gün məni dəstəkləyəcək və uğurlarıma sevinəcək, məni sadəcə özünə uyğun bir insana çevirmək istəməyən bir insanla rastlaşacağıma inanıram. Ümumiyyətlə başa düşdüm ki, həyatda ən vacib şeylərdən biri – dünyaya sənin kimi baxan, dəyərləri və baxışları sənə yaxın olan bir insanla qarşılaşmaqdır. Mən belə bir insanla mütləq rastlaşacağam.
– Himalay dağlarına, ümumiyyətlə böyük zirvələrə çıxmaq artıq demək olar ki, biznesə çevrilib. Özü də təhlükəli. Dünya üzrə dağçılıq və alpinist fəaliyyəti zamanı illik ölüm sayı 120-150 nəfər arasındadır…
– Mən öz fikrimi deyəcəyəm. Mənim üçün dağlar – həmişə özümə aparan bir yoldur, bu mənəvi bir yoldur. Bu, dağın gücünü, saflığını və enerjisini hiss etmək imkanıdır. Məhz bu yerlərdə mən çoxsaylı suallarıma cavablar tapıram. Və bu cavabları nə kitablarda, nə filmlərdə, nə də başqa insanların fikirlərində tapıram. Bu cavablar mənim içimdən gəlir. Mənim üçün dağlar – həm fiziki, həm də daxili olaraq özünü tanıma məkanıdır.
– Dünyada bu qədər qlobal problemlər, haqsızlıq, yoxsulluq, hətta bir çox yerlərdə aclıq hökm sürə-sürə adrernalin üçün, insanın özünə nəsə sübut etmək üçün və ya şöhrət üçün dağlara çıxmaq üçün bu qədər pullar sərf edilməsinə necə baxırsınız?
-Məncə, bu hər bir insanın öz yoludur. Amma insanlar çox vaxt hər şeyi səthi şəkildə qiymətləndirirlər. Mən çoxlu sayda insan tanıyıram ki, həm dağlara gedirlər, həm də ehtiyacı olanlara kömək edirlər, sadəcə bunu reklam etmirlər. Çox vaxt insan çox işləyir, yaxşı qazanc əldə edir və başqalarına kömək edir, amma eyni zamanda öz enerjisini bərpa edə biləcəyi bir hobbiyə ehtiyacı olur. Bu, həm onu, həm də ətrafındakı insanları ruhlandırır.
-Məşhur neyrolinqvist Tatyana Çerniqovskaya qeyd edir ki, həyatda əsas məqsəddir. İnsanın məqsədi olanda o hər bir çətinliklərə dözür, bədən güclənir.
-Razıyam. Məqsədim olmayan dövrlərdə özümü çox pis hiss edirəm. Məqsədim olan kimi həyat mənim üçün dərhal başqa cür olur. Və məqsəd nə qədər böyükdürsə, bir o qədər yaxşıdır.
– Everesti fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurlu zirvəyə çatmağı hədəfləsə də, 2 il əvvəl həyatını risqə ataraq zirvəsini tərk edib. Pakistanın yüksək Nanqa Parbat dağlıq ərazisində 8 126 metr yüksəklikdəki dağa qalxmaq istəyən, qar korluğu səbəbindən köməksiz vəziyyətdə 7 300 metr yüksəklikdə qalmış yerli alpinist Asif Bhattiyə kömək edib, onu düşərgəyə çatdırıb. Halbuki İsrafil Aşurlı ilə birlikdə olan italyan alpinistlər onları qoyub baza düşərgəsinə qayıdıblar.
Ümumiyyətlə dağlarda psixoloji, fiziki keyfiyyətlərdən başqa qeyd olunan yüksək mənəvi addımlara çox rast gəlinir, yoxsa əsas zirvədir?
– Əminliklə deyə bilərəm ki, İsrafil müəllimin bu addımı böyük hörmət və ehtiram doğurur. Amma eyni zamanda başa düşürəm ki, belə şəraitdə kiminsə kömək edib-etməməsinə görə onu mühakimə etmək olmaz. Başqasına kömək etmək və onu dağdan aşağı endirmək üçün də böyük güc lazımdır. Əlbəttə, insan həmin vəziyyətdə olmayanda, ümumi mənzərəni bilməyəndə insanlıq haqqında danışmaq və mühakimə etmək asandır.
Şəxsən mən xoşbəxtəm ki, dağlarda həmişə ətrafımda məni dəstəkləyən və mənə kömək edən insanlar olub. Xüsusilə Everestə qalxdığım zaman. Mən xəstə idim və tez-tez qetmək mənim üçün çox çətin olurdu. Amma komandadakı yoldaşlarım məni heç vaxt tək buraxmırdılar, daim yanımda olurdular. Mən onlara buna görə çox minnətdaram.
– İnsan hansısa böyük arzu ilə yaşayır və həmin arzu həyata keçəndə bəzən artıq soyuyur, uzaqlaşa bilir və bəlkə də heyifslənə bilər ki, arzusu həyata keçib. Siz indi hansı arzu ilə yaşayırsınız?
-Mən “Everest” arzumu çox sevirəm. Bu arzu reallaşsa da, heç vaxt ona qarşı bir boşluq hiss etməyəcəyəm. Mən onu “brilyant arzum” adlandırıram. Hazırda başqa arzularım da var, amma başa düşdüm ki, onlarla bölüşmək istəmirəm.
– Dağlardan qayıdanda yerdəki çətinliklər, məişət problemləri sizə necə gəlir? Hansını həll etmək daha çətindir; yerdəki, yoxsa yüksəklikdəkiləri?
– Bu, Everestdən sonra məndə yaranan ən böyük anlayışlardan biri oldu. Anladım ki, əslində bizim çox az sayda həqiqi və ciddi problemimiz var. Əksər hallarda bunlar sadəcə hansısa məsələlərdir, detallar və nüanslardır ki, onları sadəcə həll etmək lazımdır. Amma biz bunları elə çətin və dəhşətli qəbul edirik ki, sanki böyük problemlərdir. Biz sadəcə hər şeyi problem adlandırmağa və sonra da bunun üçün əziyyət çəkməyə öyrəşmişik. Halbuki əslində çox vaxt bizdə problem olmur, sadəcə adi həyati situasiyaları olur ki, onların öhdəsindən gəlmək mümkündür.
– Mən sualları hazırlayarkən ChatGPT-yə sizinlə müsahibə alacağımı dedim və soruşdum ki, nə sual vermək istəyirdi. Bir sual da ChatGPT-dən:
-Elmira xanım, siz Everest zirvəsinə qalxaraq bir çoxlarının xəyal etdiyi, amma cəsarət etmədiyi bir şeyi etdiniz. Bəs indi həyatınızda hansı zirvə sizi daha çox düşündürür – bu dəfə dağın yox, daxili, mənəvi bir zirvə varmı ki, ona çatmaq istəyirsiniz?
– Daha əvvəl də qeyd etdiyim bir arzum var – öz insanımla qarşılaşmaq. Mən çox istəyirəm ki, ailə qurum, övlad sahibi olum. Kiminə Everestə qalxmaq çətindir, mənə isə öz sevgimi tapmaq.
– Milli alpinizmin vəziyyətini necə dəyərləndirirsiniz?
-Mən çox sayda güclü insan və potensial olaraq güclü idmançı və alpinist görürəm. Alpinizm hazırda inkişaf mərhələsindədir. Və mən burada böyük bir potensial görürəm.
-Yerdə olarkən ev və mətbəx işləri ilə aranız necədir? Ümumiyyətlə sizcə Azərbaycan qadını necə olmalıdır?
-Müasir qadın bu gün çox şey bacarır. Bəli, evdə həm yemək bişirirəm, həm də yığışdırıram. Amma çox təəssüf edirəm ki, biz hələ də bütün bunları birinci yerə qoyuruq və hətta sizin Azərbaycan qadını ilə bağlı sualınızda da ön plana təmizlik və yemək bişirmək çıxır. Mənim üçün Azərbaycan qadını – bu, nəcib bir qadındır, müdrik, səmimi, mənəviyyatlı, zərif, özünü tapmış və xoşbəxt bir insandır. Bu, kişiyə sadəcə tamamlayıcı yox, onun bəzəyi olan, enerjisi, gücü və özünə yetərliliyi ilə insanı heyran edən, nur saçan bir qadındır.
Bütün bunlar isə o zaman mümkündür ki, qadına hörmət olunur və onu sındırmırlar.
-Xoşbəxt olmaq üçün dağa-daşa çıxmaq lazımdır?
-Bu, dəqiq cavabı olmayan fəlsəfi bir sualdır. Hər kəsin xoşbəxtlik üçün öz resepti və öz yolu var.
– Hər bir insanın həyatda yaşamağının bir mənası, müəyyən mənada missiyası olmalıdır. Siz öz missiyanızı nədə görürsünüz?
-Bu, hələ tam cavab tapa bilmədiyim bir sualdır. Bununla bağlı mənim bəzi hisslərim, fikirlərim var. Amma yenə də bunu özümə saxlamaq və paylaşmamaq istəyirəm.
-Dağlara mahnı qoşulur, dağlarda gizlənirlər, dağlarda insanlardan uzaq yaşayırlar… Bəlkə sizdə təkliyi sevirsiz ona görə dağa çıxırsız?
– Mən insanları sevirəm, amma eyni zamanda təkliyi də çox sevirəm və buna ehtiyacım var. Dağları da buna görə sevirəm. Hətta dağlara qrupla getsən belə, bir növ tək qalırsan. Bu, öz daxili səsini eşitmək imkanıdır.
-Hal-hazırda hansı zirvələri fəth etməyi planınızda var?
– Mən indi “7 Zirvə” proqramını– yəni dünyanın bütün qitələrinin ən yüksək zirvələrinə qalxmaq həyata keçirmək istəyirəm.
– Alpinist tənbəl ola bilər?
– Mən tam razıyam ki, tənbəllik çox zaman marağın olmamasının göstəricisidir. Bu, hər kəsə aiddir. Əgər insan hansısa bir ideya, məşğuliyyət və ya hobbi ilə “yanırsa”, o, mütləq buna zaman və güc tapacaq.
Mən Everestə hazırlaşanda heç vaxt səhər qaçışını buraxmırdım. Harada olmağımdan və havanın necə olmasından asılı olmayaraq. Mən bir neçə ay İsveçdə yaşadım. Qış idi, çox soyuq olurdu. Səhər saat 6-da qalxmalı idim ki, qaçım. Amma orada hava saat 9-da açılırdı. Buna baxmayaraq, bir dəfə də olsun qaçışı buraxmadım, çünki Everest arzusu məni içdən isidirdi.
Əgər ümumiyyətlə tənbəllikdən danışsaq, düşünürəm ki, adi həyatda bu hər bir insana xasdır. Hətta bəzən tənbəllik etmək də lazımdır. Amma mən bunu adətən “şüurlu tənbəllik günləri” adlandırıram. Sadəcə özümə emosional və fiziki olaraq dincəlmək üçün vaxt verirəm.
-Alpinist olmaq istəyənlərə nə tövsiyyə edərdiniz?
– Mən tövsiyə edərdim ki, ilk cəhddə nəsə alınmırsa, təslim olmasınlar. Əgər ürəkdən istəsəniz də, amma ilk addımlarda alınmırsa, bu, o demək deyil ki, bu yol sizə aid deyil. Bu, sadəcə daha yaxşı hazırlaşmaq lazım olduğunu göstərir. Hər şeyin öz zamanı var. Biz üzərimizə düşəni etməli və eyni zamanda Allaha güvənməliyik.
-Müsahibəyə görə təşəkkür edirəm.
-Sizə də təşəkkür edirəm.
Söhbətləşdi: İmran Kərimli
Bu yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən elan olunmuş jurnalist yazıları müsabiqəsinə təqdim olunur