İyulun 3-ü axşam Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevi və cangüdənini güllələmiş Yunis Səfərovun bu sui-qəsd aktını hansı zəmində; şəxsi qisasçılıq, yoxsa hansısa siyasi, yaxud kriminal dairələrin sifarişi ilə törətməsi haqda ziddiyyətli fikirlər səslənməkdədir.
Moderator.az -a müsahibə verən tanınmış politoloq Cümşüd Nuriyev də sözügedən məsələ ilə bağlı subyektiv fikirlərini səsləndirib.
-Cümşüd bəy, son günlər ölkədə, demək olar ki, bütün Azərbaycan boyu vətəndaşlar üçün ciddi problemlər yaratmış Mingəçevir İES-də baş vermiş qəzanın ardınca Gəncədə icra başçısına qarşı sui-qəsd təşkil edilməsi cəmiyyətdə müəyyən ajiotaj yaradıb və müxtəlif reaksiyalara səbəb olub. Bu haqda sizin fikirləriniz nədən ibarətdir?
-Gəncədə icra başçısına qarşı baş vermiş sui-qəsd olayı haqda sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta Elmar Vəliyevə güllə atan şəxsi “Azərbaycanın Milli Qəhrəmanı” kimi təqdim etməyə cəhd göstərənlər də var. Amma təəssüf ki, çoxları işin əslini bilmir. Birincisi, bu adam Azərbaycanda vəhhabiliyi yaymaq üçün Rusiyanın kəşfiyyat orqanları tərəfindən göndərilmiş biridir…
-Cümşüd bəy, hazırda həbsdə və istintaq altda olan bir vətəndaş haqda bu, kifayət qədər ciddi və təhlükəli ittihamdır. Bunu söyləmək üçün əlınizdə əsas varmı?
-Bəli, bu haqda məlumatım dəqiqdir. Yunis Səfərov Moskvada xüsusi hazırlıq keçib. Hətta oradakı xüsusi kəşfiyyat məktəblərindən birində dərs deyir. İkincisi, bu adamın anası başqa millətin nümayəndəsidir…
-Bu da kifayət qədər ciddi məsələdir. Anası hansı millətin nümayəndəsidir? Məlumatınız dəqiqdirmi?
-Bəli, dəqiqdir, erməni kökənlidir… Yunis Səfərovun məhz Gəncənin icra başçısını hədəf seçməsinin də səbəbi var. Deməli, bir il yarım öncə Y.Səfərov Gəncədə vəhhabiliyi yaymaq üçün gəlib. Və məlum olub ki, onun arxasında duran qüvvələr də var. Həmin qüvvələrə Elmar Vəliyev “yox” deyib…. Və icra başçısı “yox” dedikdə həmin Yunis Səfərov onu ölümlə hədələyib və az sonra polislərdən birinin tapançasını ələ keçirərək qaçıb. İyulun 3-də Elmar Vəliyevə və onun cangüdəninə atılan bütün güllələr məhz həmin tapançadandır. Buradan belə bir ciddi sual da ortaya çıxır: aradan bir ildən çox zaman ötməsinə rəğmən niyə polisin ələ keçirilmiş tabel silahı tapılıb qaytarılmayıb? Və nəticədə dövlət məmuru dövlətin öz silahından açılan atəşlə yaralanıb. Burada hansı qüvvələrin marağı olub? Hesab edirəm ki, bu olayın arxasında bir sıra ciddi səbəblər var. Əvvəla, Azərbaycanda heç nə təsadüfən olmur… Lakin son Gəncə olayını 1993-cü ilin 4 İyun hadisələriylə qiyaslandıran, müqayisə edənlər də var. Bu iki hadisənin müqayisə olunması təhqiramiz bir şeydir. Bu, sırf cinayət kökənli bir məsələdir…
Bəs Azərbaycanda icra başçısına sui-qəsd təşkil edənlərin marağı nədir? Birincisi, ölkədə yeni bir presedent yaratmaqdır. Yəni istənilən rayonun icra başçısından narazılıq varsa, kimsə sərbəst şəkildə onu qətlə yetirə bilər. İkincisi, burada məqsəd prezidentə sədaqətli olan adamları gözdən salmaq və onları qorxutmaqdır… Əgər Elmar Vəliyev bu gün, doğrudan da, Gəncəbasar kimi böyük bir bölgəyə vəhhabilərin girməsinin qarşısını alıbsa, bu adam dövlətimizə böyük bir xidmət göstərob. Üçüncüsü, bu, sırf siyasi məqsəd daşıyan bir təxribatdır. Çünki Azərbaycan dövlətinin hazırda yürütdüyü siyasət, xüsusilə, möhtəşəm 26 İyun hərbi paradındakı güc nümayişi və bundan sonra Ermənistanda yaranmış vəziyyət, eləcə də Rusiyanın ona sərf etməyən siyasət yürüdən Paşinyanı sıxışdırmaq üçün Azərbaycanın haqq işini dəstəkləməsinin gündəmə gəlməsi, təbii ki, düşmən xarici qüvvələri ciddi narahat edir. Məqsəd də bu cür təxribatları gündəmə gətirməklə Azərbaycanda xaos yaratmaqdır… Bilirsiz, ayrı-ayrı adamların taleyini Azərbaycan dövlətinin taleyi ilə eyniləşdirmək olmaz. Sosial şəbəkələr isə kriminal bir adamı milli qəhrəman kimi təqdim edir. Halbuki, ədalət naminə, Elmar Vəliyev Gəncə üçün böyük işlər görüb. Mən nə gəncəliyəm, nə Gəncədə yaşayıram, nə də bu şəhər sakinləri ilə sıx əlaqələrim var. Amma bütün hallarda son vaxtlar Gəncədə bir neçə dəfə olmuşam və görmüşəm ki, başçı Gəncəyə çox yaxşı baxır. Əgər dövlət məmuru dövlətin ayırdığı vəsaiti millət üçün xərcləyirsə, bundan gözəl şey ola bilməz. Yəni bu ailənin, bu nəslin prezidentə sədaqətli olmasını bu şəkildə cəmiyyətə təqdim etmək yanlışdır. Hətta bəziləri bayram edir, bəziləri ehsan verir. Bu nə şərəfsizlikdir, bu nə düşüncədir? Yəni Azərbaycan dövlətinin müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir şeyi əgər biz təbliğ ediriksə, vay bizim siyasi vəziyyətimizin halına və eyni zamanda vay bizim mentalitetin gününə…
Bu gün artıq Qarabağ məsələsində bir siyasi pəncərə açılıb. Və hər bir olaya sırf dövlətçilik baxımından yanaşmaq gərəkdir ki, ermənilər bundan yararlanmasın. Yəni ermənilərin “tumanlı səfir”lərinin balağından düşmüş biclərin yenidən aranı qarışdırmasına imkan vermək olmaz. Mən bir vətəndaş olaraq bu cür hadisələri pisləməklə yanaşı, hamını bu tip təxrubatlara uymamağa çağırıram. Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Hal-hazırda bizim hamımız cənab prezidentin ətrafında toplanmalıyıq ki, Rusiyanın atdığı son addımlarla Qarabağ məsələsinin həlli üçün açılmış pəncərənin bir daha qapanmasına imkan verməyək. Bu məqamda ucuz sensasiyalara uysaq, çox böyük fəlakətlərlə üzləşmiş olacağıq…
-Cümşüd bəy, bütün hallarda 2011-ci ildən Gəncəyə rəhbərlik edən Elmar Vəliyevdən də sadə, yoxsul vətəndaşlar, sahibkarlar arasında kifayət qədər narazı qüvvələrin olduğu müşahidə olunur. Xüsusilə, onun idarəçilik metodu bəyənilmir. Ayrı-ayrı vətəndaşlara münasibətdə təhqirlərə də yol verməsi haqda məlumatlar səslənir. 2015-2016-cı illərdə Gəncədə Elmar Vəliyevə qarşı kütləvi etiraz aksiyaları da keçirilmişdi. Bundan əlavə, onun gəncəli sahibkarlara qarşı haqsız təzyiqləri ilə bağlı da informasiyalar yayılmışdı. Həmin dövrdə hətta belə şayiələr də yayıldı ki, guya Moskvadakı kriminal qruplaşmaların, “qanuni oğru”ların yığıncağı olub və onlar Elmar Vəliyev haqda “ölüm hökmü” veriblər… Digər tərəfdən, icra başçısının Yunis Səfərovun bacısını təhqir etməsi haqda da söz-söhbətlər var…. Bəlkə burada heç dini və ya siyasi zəmindən yox, şəxsi qisas zəminindən söhbət gedir? Yaxud bu sui-qəsddə kriminal qruplaşmaların əli ola bilərmi?..
-Təbii ki, burada kriminal aləmin əli var. Çünki həmin Yunis Səfərovun Rusiyadan bura gəlməsi, burda sui-qəsdin planlaşdırılıb həyata keçirilməsi adi məsələlər deyil. Və Gəncənin özündə də kifayət qədər kriminal strukturlar var. Digər tərəfdən, elə bir icra başçısı yoxdur ki, onun səhvləri olmasın. Amma dövlətin qanunu var və hər şey qanun çərçivəsində həll olunmalıdır. Yəni hansısa hakimiyyətin idarə olunmasını kriminalların əlinə versək, Azərbaycanda xaos baş alıb gedər. Elə bir icra başçısı yoxdur ki, o, ideal olsun və hansısa səhv buraxmasın. Mən də o fikirdəyəm ki, başçının ixtuyarı yoxdur, səhv eləsin. Amma hamı insandır, səhv edə bilər. Fəqət, bu səhvə görə Azərbaycanı qarışdırmaq, bundan bir presedent yaratmaq və yaxud belə faktlardan ölkədə hakimiyyəti kriminalların əlinə vermək üçün yararlanmaq- yolverilməzdir və bu, dövlətimizin dağılması deməkdir. Yəni biz dövlətimizin maraqlarından çıxış etməliyik. Ayrı-ayrı adamlar etdiklərinə görə məsuliyyət daşımalıdır və təbii ki, daşıyacaqlar. Amma qanun heç kimə səlahiyyət vermir ki, “ağa nəzərəm- belə gəzərəm” deyib istədiyi kimi hərəkət etsin… Bu gün kimsə, yaxud kimlərsə bir şəxs kimi Elmar Vəliyevə nifrət edə bilər, amma bizim ayrı-ayrı şəxslərə nifrətimiz dövlətimizə qarşı çevrilməməlidir. Odur ki, belə məsələlərdə media da ayıq-sayıq olmalıdır…