backend

KİMLƏR JURNALİST OLA BİLƏR?-SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mətbuatının başlıca problemlərindən biri də peşəkarlıqla bağlıdır. 
 

 Azərbaycan mətbuatının başlıca problemlərindən biri də peşəkarlıqla bağlıdır. 

Belə ki, hazırda KİV-lərdə peşəkar jurnalistlərlə yanaşı, qeyri-peşəkar, mətbuata tasadüfən yol tapan xeyli sayda insanın da çalışması zaman-zaman müzakirə mövzusuna çevrilir. Bir çoxları belə hesab edir ki, mətbuatda ancaq jurnalistika fakültəsini bitirən, ali jurnalist təhsili olanlar işləməlidirlər. Lakin bununla razı olmayanların sayı da kifayət qədər çoxdur. Bu sahədə apardığımız kiçik sorğu da bu cür düşünməyə əsas verir.

TİA.AZ məsələ ilə bağlı Azərbaycanın tanınmış sayt redaktorları və müxbirləri arasında qısa sorğu keçirdib. 

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı: “Jurnalistika təhsili vacib deyil. İstedad və praktik bacariqlar önəmlidir”.

Moderator.az xəbər saytının baş redaktoru Zülfüqar Hüseynzadə:  “Azərbaycanın əski və çağdaş jurnalistikasının ən parlaq nümayəndələrinin heç birinin jurnalistika təhsili olmayıb. Amma bu, heç də o demək deyil ki, jurnalistika məktəbi yararsız məhsul yetişdirir. Vacib deyil, vacib olan peşənin sirlərini mənimsəmək və ondan millətinin mənafeyi naminə istifadə etməkdir”.

 “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli: “Peşəkar jurnalist olmaq üçün baza təhsilinin olması vacibdir. Ancaq müstəqil Azərbaycan mətbuatının formalaşma mərhələsi elə bir dövrə düşdü ki, iş tapa bilməyən qeyri-ixtisas yüzlərlə insan mətbuata gəldi. Jurnalist işləmək üçün əsas yazmaq qabiliyyəti, istedadı olmalıdır. Ancaq peşəkar mediada reportyor, redaktor kimi çalışan insanlar sonradan xüsusi kurs (3, 6 aylıq, 1 illik) keçsələr yaxşı olar. Başqa sahələrdə təkmilləşmə, ixtisasartırma, ixtisasdəyişmə kursları varsa, bu jurnalistikada niyə olmasın?”. 

Qaynar. info portalının  bas redaktoru Zahir Əzəmat: “Jurnalistika təhsili vacibdir. Amma mütləq deyil. Bir çox hallarda yazmaq istedadı olan şəxslər təcrübə ilə, zəhmət ilə jurnalist peşəsinin sirrlərinə də yiyələnə bilir. Azərbaycanda və dünyada bunun kifayət qədər nümunələri var. Amma jurnalistika bir peşədir, peşə vərdişlərinə daha sistemli və dolğun yiyələnə bilmək üçün təhsil çöx önəmlidir, vacibdir”. 

1news.az saytının müxbiri Babək Cahandarov deyir ki, elə sahələr var ki, mütləq gərək həmin sahə üzrə ali təhsil alasan, bu sahə üzrə peşəkar olasan: “Məsələn, tibb sahəsi kimi. Bu sahə üzrə ali təhsil almadan, bu sahəni dərin bilmədən işləmək qeyri-mümkündür. Çünki biliksiz, səriştəsiz bir həkim nəinki insanları müalicə edə bilməz, hətta yanlış müalicə yazmaqla, xəstəni yanlış əməliyyat etməklə onun həyatına son qoya bilər. Ona görə də tibb sahəsi kimi elə spesifik sahələr var ki, həmin sahələr üzrə ali təhsilin olması şərtdir. Bununla belə, elə sahələr də var ki, fikrimcə, həmin sahə üzrə ali məktəbdə oxumaq elə də vacib deyil. Misal üçün, jurnalistika sahəsi. Təbii ki, bu sahə üzrə ali təhsilin olması çox yaxşı olardı və məncə olmalıdır da. Çünki ali təhsil alan şəxs peşəkar, savadlı müəllimlərdən dərs aldığından, jurnalistika ixtisasının bütün incəliklərinə bələd olduğundan gələcəkdə yaxşı bir jurnalist kimi yetişə bilir. Lakin müşahidələrim də göstərir ki, yaxşı bir jurnalist olmaq üçün jurnalistika fakültəsində oxumaq əsas şərt deyil. Misal üçün, jurnalistika fakültəsində oxumuş elə insanlar tanıyıram ki, düz- əməlli kiçik bir məqalə belə yaza bilmirlər. Yazdıqları cümlələrdə çoxlu qrammatik, orfoqrafik səhvlər olur. Elə insanlar da var ki, jurnalistika üzrə ali təhsilləri olmasa da, bu gün ölkənin ən tanınmış jurnalistlərindən sayılırlar. Yəni, fikrimcə, jurnalistika yaradıcı bir sahə olduğu üçün burada daha çox insanın fərdi keyfiyyətləri, bacarıqları başlıca rol oynayır. Bununla belə, bir daha təkrar etmək istəyirəm ki, istənilən halda işlədiyin sahə üzrə ali təhsilin olması arzuolunan haldır”.

Araşdırmaçı-jurnalist Dünya Sakit :  ”Düşünmürəm ki, jurnalist işləmək üçün mütləq ali təhsilin jurnalistika üzrə olması şərtdir. Azərbaycan, eyni zamanda dünya təcrübəsi göstərir ki, jurnalistikanı bitirmədən peşəkar jurnalist olmaq mümkündür. Jurnalisika praktikaya tam bağlı sahədir. Aktiv jurnalist işində işləmədən öyrənilən nəzəri biliklərin bir faydası yoxdur. Praktika isə yalnız jurnalistika fakültəsini bitirənləri deyil, digər sahədə çalışanları da öyrədən əsas müəllimdir. Bu baxımdan jurnalistikanın elə istiqamətləri var ki, ixtisaslı jurnalist olmadan orada rahatlıqla uğur qazanmaq mümkündür. Lakin elə spesifik istiqamətlər də var ki, jurnalistikanın nəzəri bilikləri olmadan orada uğur qazanmaq mümkün deyil. Bu, xüsusilə televiziya fəaliyyətinə aiddir. Amma iqtisadiyyat, mədəniyyət, kriminal, idman yazarı olmaq üçün daha çox başqa spesifik biliklər lazımdır. Bunun üçün jurnalistika fakültəsini bitirmək tələbi keçərli deyil”.

24saat.org portalının yazarı Emil Salamoğlu: “Mən jurnalistikanı bitirmişəm. Az-çox nəsə öyrətmişdilər, amma əsas məktəb redaksiyalar, ya da təlimlərdir ki, ən çox orda peşəkarlaşırsan.Tanıdığım ən istedadlı yazarların əksəriyyəti qeyri-jurnalist ixtisası təhsili alıb. Məsələn, tibb təhsili olanlar daha istedadlı və savadlı jurnalist olurlar. Nə demələrindən asılı olmayaraq, jurnalist olmaq üçün təhsildən çox, insanda Allahın yazmaq vergisi olmalıdır”.

Axar.az saytının müxbiri Nərmin Əkbərli: “Jurnalistika təhsili peşəkar jurnalist olmaq üçün lazımdır. Düzdür indi istedadı olan hər kəs jurnalist ola bilər. Amma jurnalistika fakültəsin bitirmək üstünlükdür”.

Cebhe.info saytının müxbiri Pərvanə Rzayeva: “Jurnalistika təhsili vacib deyil, söz ehtiyatın oldu bəs edər”.


İlahə