“Ağa bəy dəyərli qida mütəxəssisidir. Həmişə onun müsahibələri, fikirləri ilə razı olmuşam. İran məhsulları barədə verdiyi açıqlaması ilə razı deyiləm”.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova deyib.
Belə ki, İrandan gələn ucuz məhsulların təhlükə saçdığını bildirən Ağa Salamov bu cür məhsulların ölkəyə qaçaq yollarla da gətirildiyini deyib.
G. Hüseynova tənqidində qeyd edib:
“İlk növbə İran məhsullarını zərərli adlandırıb. Demək olmaz ki, bütün İran məhsulları zərərlidir. Ümumiyyətlə, bizim insanların təfəkküründə elədir ki, Çin, İran məhsulları deyəndə” uzaq olmaq lazımdır” və s. deyirlər. Baxır, sahibkar oradan ölkəyə nə gətirir. Bahalı da, ucuz da məhsul gətirə bilər. Ağa bəy deyib ki, “məhsullar fars dilindədir, alıcılar Bunu başa düşmürlər”. Azərbaycan dilin tərcüməsi yoxdur, çünki İran həmin məhsulu öz daxili bazarı üçün istehsal edib. Azərbaycan bazarı üçün istehlak etməyib ki, bizim dildə də tərcüməsi olsun. Tərcüməni sahibkar etməlidir, yapışan olaraq kağızda tərkibi yazılmalıdır. Lap, yazılsa belə, ölkəmizdə istehsal olunan yerli məhsullar var ki, öz dilimizdə yazılıb. Amma tərkibi həqiqətən də üzərində yazılan kimidirmi? Həqiqətən də o məhsullar geni modifikasiya olunmayan, original məhsuldurmu?”.
Ekspert gömrük məsələsinə də toxunaraq mövzuyla bağlı suallar və şübhələr doğurub:
“Ağa bəy deyib ki,” vətəndaşlar İrana gedir, məhsul gətirirlər və öz adları ilə keçirirlər ki, guya özləri istifadə edəcək, amma həmin məhsulları satışa çıxarırlar”.
Belə edənlər ola bilər. Amma Ağa bəy bir şeyi burada əksik vurğulayıb. Adicə, gömrükdən ucuz bir dərman keçirəndə məni sorğu-suala tutdular, aparıb yoxladılar. Bir şeydən 2 ədəd apardıqda, artıq o satış, ticari məqsəd daşıyır. Sən onun vergisini verməlisən. Məgər gömrükdə bu dərəcədə özbaşınalıqmı var ki, hər kəs istədiyi qədər məhsulu götürsün, gəlir vergisi ödəmədən satışını həyata keçirsin? Bundan əlavə, tutaq ki, vətəndaş normanı keçirsə, Bəs AQTA hara baxır? Nə üçün bu qurumların adı çəkilmir ki, nəzarət yoxdur ki, bu kimi hallar baş qaldırıb.
Bir məqamı da nəzərinizə çatdırım ki, quru sərhədlər bağlanmamışdan öncə cənub bölgəsi: Lənkəran, Astara, Masallıda insanlar həmişə gedib İrandan alış-veriş edib, ağşamı da öz evlərinə qayıdırdılar. Nə yaxşı, o bölgədə indiyə kimi bir nəfər ölən yaxud zəhərlənən olmadı?Hal-hazırda da tırları buraxırlar və bu vasisilə məhsul gətirənlər olur. Böyük şəhərlərdə, xüsusilə də Bakı, Sumqayıt ərazilərində böyük İran mağazaları var. Onların da üzərində farsca məlumat yazılıb, tərcüməsi yoxdur. Əgər İran malları zərərlidirsə, nə üçün fəaliyyəti qadağan olunmur?”
Dəniz Pənahova