Tədbirlərdə, mərasimlərdə, 1 dəqiqəlik sükut elan olunur, hamımız ayağa qalxaraq, mərhumların xatirəsini yad edirik. Amma çoxlarımız bu aktın nə zaman və necə yarandığından xəbərisizik.
Bəziləri bunu dini ayin hesab etsə də, əslində bu doğru yanaşma deyil.
Bizim.Media-nın araşdırmasına görə, nə İslam, nə Xristian, nə də Yəhudi dinində mərhumların xatirəsinin sükutla anılması ilə bağlı ayinlər mövcud deyil.
Akt ilk dəfə 1919-cu ilin noyabr ayında Birinci Dünya Müharibəsində həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə həyata keçirilib.
Bu zaman 1918-ci ilin noyabrında həlak olanların ildönmü qeyd olunub.
İdeya əvvəlcə 5 dəqiqəlik sükut kimi irəli sürülüb, «The Times» qazetinin jurnalisti Edvard Corc Han isə 5 dəqiqənin böyük vaxt olduğunu və aktın bir dəqiqəyə azaldılmasını təklif edib. Corc Hanın sükutun azaldılması təklifi bəyənilsə də, 1 dəqiqə az hesab edilib və aktın 2 dəqiqəlik həyata keçirilməsi qərara alınıb. Qırmızı rəng isə müharibədə həlak olanlarının qanının rəngi olaraq hüzn rəmzi sayılıb.
Böyük Britvaniya, Kanada, Cənubi Afrika Respublikası, ABŞ-da hər ilin 11-ci ayının, 11-ci günü, saat 11-də Birinci Dünya Müharibəsində həlak olanların xatirəsi sükutla yad edilir. Böyük Britaniyada anma gününə Kral Qvardiyası da qatılır. Kanadada 2010-cu ildə keçirilən anım tədbirinə 9000-dən artıq iştirakçı toplaşıb. Hindistanda, Şimali İrlandiya, Fransa, İndoneziya, Keniya, Yeni Zellandiyada da anım günü qeyd olunur.
Anım günü tədbirlərinin dünyanın əksər ölkələrinə yayılmasına baxmayaraq kilsə bunun əleyhinə çıxır.
1950-ci ildə kilsə bunu, o cümlədən də mərhumların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ənənəsini rədd edir. Veteranlar təşkilatları da kilsəni dəstəkləyir. Lakin yaranmış ənənənin qarşısını almaq mümkün olmur.
Bu il Birinci Dünya Müharibəsi qurbanlarının kiminsə yadına düşüb düşməyəcəyini deyə bilmərik. Lakin bu akt indi dünyanın hər yerində yalnız Birinci Dünya Müharibəsində deyil, digər müharibə və faciələrdə də həlak olanların xatirəsini yad etmək məqsədilə həyata keçirilir.
Bəzi keçmiş MDB ölkələrində bir dəqiqəlik sükutlardan sonra zikr və dualar da oxunur. Bəzi ölkələrdə isə 1 dəqiqəlik sükut aktı himn sədaları altında həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda da mərhumların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ənənəsi formalaşıb.
Yanvarın 20-si anım günü kimi qeyd olunur. Faciə qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə saat 12-00-da bir dəqiqəlik sükut elan edilir, Xəzər dənizindəki gəmilərin siqnal səsləri eşidilir.
Bu, Xocalı qurbanlarının xatirəsinin anılmasında da həyata keçirilən bir akt kimi günümüzdə qəbul olunub.