Son zamanlar İranda siyasi çəkisi olan şəxslərin mövcud rejimə qarşı münasibətində kəskin tənqidlər daha çox diqqəti çəkməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, onlar faktiki rejimin yanlış siyasət apardığını bəyan edirlər.
Bir qədər əvvəl hazırda ev dustağı olan “Yaşıl Hərəkat”ın lideri Musəvi bəyan etmişdi ki, hakimiyyət xalqın hansı rejimdə yaşamaq istəməsini müəyyən edən referenduma getməlidir.
Bunun ardından keçmiş prezident Həsən Ruhani isə bildirmişdi ki, Qərblə danışıqlarda diqqətli olmaqla yanaşı, həm də inteqrasiya yolu tutulmalıdır. Onun sözlərinə görə, İran rejimi indiki siyasətindən əl çəkməlidir.
Tribunainfo.az xəbər verir ki, dünən daha bir siyasi fiqur bu mövzuya toxunub. Uzun müddət ev dustaqlığında olan Mehdi Kərrubi tərəfddarları ilə görüşdə bəzi açıqlamalar verib. O deyib ki, sanksiyaları aradan qaldırmaq üçün ABŞ ilə birbaşa danışıqlar lazımdır. “Ölkə kritik və təhlükəli vəziyyətdədir. Bu səhvlər etiraf olunmalıdır. Əks təqdirdə, daxildə və xaricdə risklər artacaq”.
Kərrubi qeyd edib ki, Tehran hələ də keçmiş siyasətinə davam edir. “Bu israr ölkəyə baha başa gələ bilər. Ölkənin hazırkı vəziyyəti isə eyni yanlış və avantürist siyasətlərin nəticəsidir”.
Prezidentliyə namizəd olmuş sözügedən şəxs rejim mənsublarını da tənqid edib. “Bəziləri ölkəni öz ailəsinin malı hesab edir. Onlar ölkənin qapalı qalmasına çalışırlar. Lakin onun yaradacağı fəsadın fərqində deyillər”.
Fərda Uğur