Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabad şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Tribunainfo.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini “Müstəqillik günü” və “Haqqın qələbəsi” əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra feldmarşal Asim Munirə Azərbaycan Müdafiə nazirinin əmri ilə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak edəcək.