Ötən gün küçədə meyiti tapılan şair Kəramət Şükürovun infarktdan vəfat etdiyi məlum olub.
Tribunainfo.az-a açıqlama verən qələm adamları mərhumla bağlı xatirələrini bölüşüb.
Kamran Nəzirli :
“Yox, mənim rəhmətlik Kəramətlə şəxsi və ya yaxından tanışlığım olmayıb. Onu yalnız imzasına görə tanımışam, şeirlərini, yazılarını oxuyurdum. Lap çoxdan, hələ gənclik vaxtlarından. Arabir “Kommunist” (İndiki “Azərbaycan”) nəşriyyatında görüşüb salamlaşırdıq. O çox istedadlı və namuslu adam kimi yadımda qalmışdı. Allah ona bir çox fəzilətlər bəxş eləmişdi, istedad, səmimiyyət, xeyirxahlıq, həm də qürur və ləyaqət. Bilirsiz, biz neçə illər idi ki, yalnız facebook-la əlaqə saxlayırdıq, salamlaşırdıq, məktublaşırdıq. Sadəcə bir-birimizlə maraqlanırdıq, vəssalam. Bir neçə il bundan qabaq, mənə yazdı ki, bəs “sənin bir hekayəni çap elədim.. Xoşuma gəldi, sənə də sürpriz elədim…” Düzü, çox sevindim, yəni, Kəramət məndən xəbərsiz mənim hekayəmi vermişdi. İndi hər adam belə şeylər eləmir, bəzən hətta nəsə umurlar da. O isə belə adam deyildi, təmənna-filan güdən deyildi, özü də çox maraqlı şair idi, Kəramət təpədən-dırnağa şair idi. Təəssüf ki, bəzən bizim çox istedadlı adamlarımız həyatın çirkab sularına batıb boğulurlar, ya da özlərini reallaşdırmaq imkanları olmur, səhv etmirəmsə Antuan Ekzüperi ölümündən qabaq demişdi ki, “mən öz zəmanəmə nifrət edirəm” Yəqin buna səbəb də varmış, indi mən Kəramət haqqında deyilənləri və yazılanları ürək ağrısıyla oxuyuram; görünür, o da ölümündən qabaq zəmanə barədə eyni cür düşünüb. Amma o, həqiqətən Şair idi, insanlığı sevirdi, insanı sevirdi. Nə etməli? Çox vaxt insanın bəxti üzə çıxmır…ya da bəlkə onun bəxtini üzə çıxmağa qoymurlar! Yaxınlarına və doğmalarına səbr diləyirəm, ədəbi camiəmizə başsağlığı verirəm”.
Günel Natiq :
“Həyatda görməmişdim, amma elə bil min il idi tanıyırdım.
İki- üç il qabaq Kitab sərgisində olanda zəng eləmişdi: “Ay Günel, başa düşürəm səni, amma kitab satma”.
Dedim ki, müəllifin öz kitabını satmasında qəbahət yoxdur. Hərçənd, əvvəllər mən də bunu qəbul etmirdim…
Dedi: “Kitablarını göndər, mən alaram”.
Dedim: “Kəramət müəllim, kitab göndərmirəm, sərgiyə gəlin, ordan alın”.
O mənə qıymadı, mən də ona. Nə mən kitab satdım, nə də o gələ bildi.
Sonra bir-iki dəfə də zəng eləmişdi, yenə kitabla bağlıydı, amma nə kitab göndərə bildik, nə də Kəramət müəllim gələ bildi. Bilirdim, narahat olur. İstəyir ki, kitab yazan adamın həyatında hər şey qaydasında olsun, elə ki, kitab satmaq məcburiyyətində qalmasın.
Həyatda üz-üzə gəlməsək də, çox doğma adam bilirdim onu. Elə bil ki, min ildi tanıyırdım…”
Aqşin Yenisey :
Ruhu şad olsun! Təəssüf ki, şəxsi tanışlığımız yox idi. Bir-iki dəfə təsadüfən görüşmüşdük. Amma şeirlərini, son üç poemasını oxumuşdum. Maraqlı şair, abırlı insan idi. Heyif!
Dəniz Pənahova