“Kəpəz” MTK-nın işçisi – Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə keçiriləcək prosesdə sentyabrın 12-nə təyin edilib.
Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Tamerlan Tağıyev MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzilləri qanunsuz olaraq satıb.
Bununla bağlı “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, şirkətin işçisi Tamerlan Tağıyev ondan xəbərsiz, qanunsuz olaraq 5 mənzili başqasına satıb.
Cinayət işi üzrə “Kəpəz” MRK və daha 6 vətəndaş – Esmira Qasımov, Tural Qələndərov, Hüseynağa Heydərov, Xalid Quliyev, Vüsalə Səfərova və Səfayət Hətəmova zərərçəkmiş qismində tanınıb.
Tamerlan Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamerlan Tağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.