Kənd məktəblərində işləmək istəyən müəllimlərə 2000 manat pul veriləcəyi ilə bağlı deyilənlər boş hay-küydür. Bu, kənd məktəblərində işləyən müəllimlərə ay ərzində verilən 190 manatın illik məbləğidir. Bu məğləqdə də neçə ildir artım yoxdur, növbti il üçün də artım nəzərədə tutulmur.
Bu sözləri Tribunainfo.az-a təhsil üzrə ekspert Elşən Qafarov kənd məktəblərində işləyəcək müəllimlərə veriləcək olan 2 min manata aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, sosial şəbəkələrdə bunu yenilik kimi təqdim edirlər, lakin belə deyil:
“Mətbuatda və sosial şəbəkədə kəndlərdə işləmək istəyən müəllimlərə 2000 manat pul veriləcəyi ilə bağlı deyilənlər heç də deyildiyi kimi deyil. Ümumiyyətlə, bu, doğru xəbər deyil. Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var – Pedaqoji profilli gənc mütəxəssislərin həvəsləndirilməsi haqqında tədbirlər. Müəllimlər bu qərarı H1 və ya H2 qərarı kimi tanıyır. Qərar əsasən, kənd rayonlarında, rayon mərkəzinə 20 km-ə qədər ərazidə yerləşən məktəbləri seçən şəxslərə əmək haqqından əlavə 90 manat, 20 km-dən uzaq məsafədə yerləşən məktəbləri seçən müəllimlərə isə 90 manatdan əlavə 100 manat əlavə pul verilir. Bu da ümumilikdə 190 manatdır. Bu pul il ərzində 2 min manat edir.
Kənd məktəblərində işləyən müəllimlərə 2 min manat veriləcəyi xəbəri bundan ibarətdir. Bu yenilik deyil. 2 min manat deyəndə böyük görünə bilər sizə. Ay ərzində 190 manat isə heçnədir”.
E.Qafarov əlavə edib ki, bu məbləğ digər ölkələrlə müqayisədə kənd məktəblərində çalışan müəllimlərə verilən pulla müqayisədə ən aşağı məbləğdir:
“Kənd məktəblərini seçən müəllimlərə verilən 90 və ya 190 manat pul illərdir dəyişmir. Ən pisi də odur ki, müəllimlər bundan 35 yaşına qədər bir dəfə istifadə edə bilirlər. Əvvəl 35 yaşa qədər bir neçə dəfə istifadə edə bilirdilər. İndi bunu da dayandırıblar, müəllimlər bundan bir dəfə istifadə edə bilir və üstəlik də bu mbləğdə heç bir artım yoxdur. Bununla da heç bir müəllimi kənd məktəblərində təhsilə təşviq etmək mümkün deyil. Saytların, sosail şəbəkələrin qabartdığı kənd müəllimlərinə 2 min manatın verilməsi boş hal-küydür”.
Nigar İxtiyarqızı











