Türkiyədə müəllimləri zorlamaq istəyən şəxslər tutulublar.
Türkiyədə müəllimləri zorlamaq istəyən şəxslər tutulublar.
TİA.AZ Milliyet-ə istinadən xəbər verir ki, 35 şagirdə dərs keçmək üçün İzmirin Qarabağlar mahalındakı bir kəndə gedən 6 könüllü müəllim 4 nəfərin cinsi zorakılığına məruz qalıb.
6 qadın müəllim qonaq olaraq qaldıqları evdə təcavüzə uğramaqdan son anda xilas olub. 2015-ci ilin sentyabr ayında Qarabağlarda həftənin müəyyən günlərində kəndin uşaqlarıyla bir araya gələn S.Ç. (39), İ.P. (26), B.D. (26), E. Ş (40), F.Ö. (66) və B. Ö. (26) – 6 qadın müəllim onlara riyaziyyat, türk dili və ingilis dili dərsləri keçəcəkdi.
Kəndin qadınlarından olan 53 yaşlı T.D. 2016-cı ilin 14 may tarixində müəllimləri axşam yeməyi üçün evinə dəvət edib. Axşam yeməyindən sonra şagird və valideyinlərlə görüşən 6 müəllim saat 00.10-da gecəni keçirmək üzrə T.D.-yə aid konteyner evə getmək istəyiblər. Bu məqamda kənd içində avtomobildə olan içkili şəxslər – Y.I. (48), M.A. (36), M.B. (23) və A. Ç (18), qadınlara fit çalıb, söz atıblar. Sərxoş şəxslərlə hər hansı bir dialoqa girməyən müəllimlər ev sahibi T.D. ilə birlikdə konteyner evə qaçıblar.
İddiaya görə, saat 01.30 radələrində sərxoş şəxslər qapını yumruqlamağa başlayıblar. İçəridə qorxu dolu anlar yaşayan 6 müəllimlə ev sahibi T. D. qışqıraraq kömək istəyiblər. Qadınların qaça bilməməsi üçün ayaqqabılarını uçurumdan aşağıya atan, avtomobillərinin təkərlərinin havasını boşaldan təcavüzkarlar evə girməyə çalışıblar. Şübhəlilər ev sahibi T.D.-nin qardaşı H.Y.-nin hadisə yerinə gəlməsiylə qaçaraq uzaqlaşıblar.
Hadisənin ardından böyük şok yaşayan müəllimlər polisə şikayət ediblər. Şübhəlilər əvvəl ittihamları qəbul etməsələr də, onlardan biri ikinci dindirilmədə bütün həqiqəti etiraf edib. Şübhəliləri “mülkə zərər vermə və cinsi təcavüz” cinayətinə görə 20 ilə qədər həbs gözləyir.