Kənan M.M: “Ciddi kinonun yaranmasını Rövşən İsaxla mənə borcludurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rejissor Kənan M.M.-in ekran həyatı verdiyi “Gecə qonağı- 2” filminin təqdimat tarixi bəlli olub. 

 

Rejissor Kənan M.M.-in ekran həyatı verdiyi “Gecə qonağı- 2” filminin təqdimat tarixi bəlli olub. 

Bu haqda rejissor musavat.com saytına açıqlamasında danışıb. O bildirib ki, oktyabrın 2-də film tamaşaçıların ixtiyarına veriləcək:
“Mənim dilim də, dilçəyim də var. Bir film çəkməmişdən öncə bir addım arxaya çəkilib izləyirəm ki, tamaşaçı olsam, bu filmi izləyərəm, ya yox. Əslində başqa film çəkmək istəyirdim. Sadəcə olaraq, Pərvinlə hara getdiksə, “Gecə qonağı” filmini soruşdular. Ikincini nə zaman çəkəcəyimlə maraqlandılar. Mən də çəkməyə qərar verdim. Bu filmin birinci ilə əlaqəsi yoxdur. Nara ilə Ədiş yan-yana gələndə birinci film yada düşür. Ona görə də filmin adını “Gecə qonağı-2” qoydum. “Gecə qonağı-1” kinoteatrlarda izlənmədi. Amma efirə gedəndən sonra səs-küy yaratdı. Çünki təsir əks-təsirə bərabərdir. Məndən öncə zəif dram filmləri çəkilmişdi. Ona görə tamaşaçılar mənim filmimə maraq göstərmədi. Əsas film çəkmək deyil, bizdə yaxşı film çəkildiyinə tamaşaçını inandırmaqdır. Filmə hədsiz güvənirəm. Pərvin Abiyevanı fərqli ampluada görəcəksiz. Mən insanların sarı siminə toxunmağı bacarıram. Hər rejissorun bir yanaşması var. “Qayıdış” filmində demişdim ki, ağlamaqdan utanmayın. Mənə inanmamışdılar, sonra zaldan salfet yığırdılar. Bu “Qayıdış”dan da yaxşıdır. Bəlkə indikilər başa düşmür, amma gələcək tamaşaçılar ciddi kinonun yaranmasını Rövşən İsaxa və Kənana borcludur. Filmin çox baxış yığmaması vecimə deyil. Heç vaxt pul haqqında düşünməmişəm. Pul mənim vecimə deyil. Çəkdiyim heç bir filmdən pul qazanmamışam. Bu ağıl-dərrakə məndə olduqca da qazana bilməyəcəm. Çünki tamaşaçının istədiyini mən çəkə bilmirəm. Mənim çəkdiyimə də onlar baxmır”.

– Kənan, ““Gecə qonağı-1” sərt tənqidlərə məruz qaldı. Sizcə, ikincisi necə tənqid olunacaqmı?“ 

– Tənqid olub, olacaq. “Gecə qonağı-1” Hürrəmlə Sultan Süleymanın hamam səhnəsindən daha mədənidir. “Kara sevda” serialına insanlar maraqla baxırdı. Oradakı məntiqi xırdalasaq, dəhşətləri görərik. Biri evli ola-ola başqasından hamilə qalır, biri acıq çıxmaq üçün digərinin bacısını hamilə qoyur. Onlara heç nə demirik. Çünki onların şəxsiyyət vəsiqəsində Azərbaycan vətəndaşı yazılmayıb. Onlara olar, Kənana olmaz. Heç kim məndən çox mentalitet düşünmür. Amma kinoda oğrunu göstərirsənsə, onu dindar kimi göstərə bilməzsən. İnsanların çəkdiyim filmdə aktyorla obrazın şəxsi həyatını ayıra bilməməsi mənim uğurumdur. Deməli, yaxşı çəkmişəm, inandırıcıdır”.