Keçmiş partiya sədri: “44 günlük müharibəyə görə mühakimə olunanlar Bakıya təhvil verilməlidir”

Keçmiş partiya sədri: “44 günlük müharibəyə görə mühakimə olunanlar Bakıya təhvil verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda qəribə məhkəmələr keçir. Azərbaycan ərazisində separatçılıqla məşğul olmuş şəxslər və xatırladığım qədər, bu separatçılığı İrəvandan idarə etmiş bəzi Ermənistan rəsmilərinə ittihamlar irəli sürülüb ki, müdafiəni yaxşı qurmadığınıza görə 44 günlük savaşda Azərbaycan qələbə qazanıb”.

Tribunainfo.az bildirir ki, bunu REAL partiyasının sabiq sədri İlqar Məmmədov yazıb.

O bildirib ki, bu məsələ ilə bağlı sual yaranır. “Ermənistanın qüvvədə olan hansı qanunları bizim ərazini zəbt etməyi və ya o ərazini zor gücünə nəzarətdə saxlamağı tələb edir? Axı hüquq, əvvəllər qüvvədə olmuş qanunla kimisə mühakimə etməyə imkan vermir”.

İlqar Məmmədov bildirib ki, gedişat və hadisələr onu göstərir ki, deməli qüvvədə olanı var. “Varsa, onda rəsmi Bakının Ermənistan Konstitusiyasında gördüyü ərazi iddiası hələ də keçmişdə verilən və hazırda hüquqi nəticəsi olmayan bir bəyanat deyil”.

Keçmiş sədr yazıb ki, nəticələrin hazırda kimə qarşı yönəlməsi ayrı mövzudur. “Sülhün etibarlılığı baxımından birinci yerdə duran – ərazi iddiasının maddiliyi və hüquqda əməli hal almasıdır. Azərbaycan diplomatiyası deyəndə ki, Ermənistan Konstitusiyası bizə qarşı ərazi iddiası irəli sürür, hazırda davam edən bu məhkəmə proseslərinə heç diqqəti çəkmir. Ona görə İrəvan, Bakının bu sözlərini məzmunsuz bir qiymətləndirmə kimi qələmə verəcək, necə ki, verir”.

Onun sözlərinə görə, Konstitusiyalardakı bəyanatlar hüquqi nəticələr daşımırsa və ya daşıması mümkün deyilsə, sülh prosesinə əngəl kimi görülməməlidir. “Bu fikrimdə qalıram. Problem ondadır ki, Ermənistan təcrübəsində belə hüquqi nəticələr hələ də yaranır, göz qarşısında. Lakin Azərbaycan diplomatiyası Ermənistan Konstitusiyası barədə narahatlığını bu cür praktiki nümunələrə deyil, İrəvanın subyektiv kimi təqdim edəcəyi qiymətləndirməyə əsaslandırır”.

Məmmədov sonda bildirib ki, hazırda Ermənistanda sözügedən ittihamlar əsasında mühakimə olunan şəxslərə, onlar üzərində məhkəmənin yeganə düzgün yeri Bakı şəhəridir.

Fərda Uğur