“Naxçıvan Yol Təchizat” MMC “İmprotex Trucks and Buses” şirkətindən özüboşaldan yük maşınları alır.
Qaynarinfo-nun məlumatına görə, şirkət bununla bağlı keçirilən tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 6 952 560 manatdır.
“Naxçıvan Yol Təchizat” MMC bu məbləğə 23 ədəd özüboşaldan avtomobil almağı planlaşdırır.
“İmprotex Trucks and Buses” MMC 20 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu,20 yanvar küçəsi, ev 33-də yerləşən şirkətin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur. Şirkətin hazırda 360 146 manat vergi borcu var. Qanunvericiliyə görə, vergi borcu olan şirkətlər ümumiyyətlə tenderdə iştirak edə bilməz.
“İmprotex Trucks and Buses” MMC “İmprotex” Şirkətlər Qrupuna daxildir. 1991-ci ildə yaradılan “İmprotex” Şirkətlər Qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “Improtex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir.
“İmprotex” Şirkətlər Qrupunun sahibi isə Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
“İmprotex” Şirkətlər Qrupunun aparıcı törəmə şirkətlərindən biri “İmprotex Motors” MMC-dir ki, onun rəhbəri şəxsən Füzuli Ələkbərovdur. Bu şirkət BMW, “BMW Motorrad”, “MINI”, “Rolls-Royce” və “Yamaha”kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.
“Naxçıvan Yol Təchizat” MMC Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.