Sabiq deputat, teleaparıcı Etibar Hüseynov ATV telekanalını oğurluqda ittiham edib.
Sabiq deputat, teleaparıcı Etibar Hüseynov ATV telekanalını oğurluqda ittiham edib.
Musavat.com xəbər verir ki, sabiq deputat bildirib ki, telekanal rejissoru olduğu “Bir cənub kəndində” filmini oğurlayıb və icazə almadan Novruz bayramı günü efirə vermək istəyir: “Uzun söhbətdir. Amma qısa yazmağa çalışacağam. Deməli, 1997-ci il – mənim də gənc, ideya və fantaziyalarımın “fontan vuran” vaxtlarıdır. Şakir Eminbəyli ilə Novruz bayramı üçün estrada ulduzlarımızı toplayaraq “Bir cənub kəndində” adlı musiqili film çəkmək qərarına gəldik. Ssenari yazdıq, çəkilişlərə başladıq. Amma deyir “sən, yazdığını yaz…” Süjet xətti olan, kifayət qədər maraqlı ssenarimizi istədiyimiz kimi çəkib başa vura bilmədik. Çünki 3-5-i qalsın bir yana, 2 “ulduzu” bir araya gətirib, sonra da hansısa rayona aparıb çəkiliş etməyin müsibəti nədir? Bilənlər bilir. Nə isə, min bir zülm, əziyyətlə çəkdiyimizdən ala-babat bir şey montaj edib ortaya qoya bildik. Bu gün baxanda bir qədər adi görünsə də, vaxtına görə kifayət qədər maraqlı, baxımlı bir film alınmışdı. Filmi o vaxtlar reytinqə görə bir nömrə olan ABA telekanalına verdik. Bağlanmış müqaviləyə görə film tərəflərin razılığı olmadan hər hansı bir digər telekanalda nümayiş oluna bilməzdi. (Bu həm də qarşı tərəfin təkidli tələbi idi) Sonra iş elə gətirdi ki, ABA montaj gedə-gedə filmdən bəzi hissələri klip formasında yayımladı. Amma sonra müəyyən-məlum problemlər yaşandı və ABA bağlandı. Filmin sonrakı taleyindən xəbərimiz olmadı. İndi üstündən 20 il keçəndən sonra gözünə döndüyüm ATV kanalı filmi haradansa əldə edib. Gecə-gündüz radio və televiziyasında anons edib, reklam, pul yığır. Lap dədə malı kimi. Cənab Vüqar Qaradağlı, ayıb deyilmi? Axı abır-həya deyilən bir anlayış da var. Özünü oda-közə vurub az qala 15 yaşlı verilişimi heç bir əsas və bəhanə gətirmədən bağladın, olsun. İndi də 20 il əvvəl çəkdiyim filmi oğurlayıb, Novruz bayramı günü efirə vermək istəyirsən. Bir gəncin az qala tək başına çəkdiyi filmi, bir qocaman kanal çəkib ərsəyə gətirə bilmirmi? İşçilərinizə çirkli mətbəx, unitaz y(q)oxladıb pul qazanmaqdansa, hərdən bir yaradıcılıq da öyrədin. Vüqarlı olun, vulqar olmayın”.