Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə “Hikmət-İnşaat” MMC və “Hikmət Aqro” MMC arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, tərəflər arasında birinci məhkəmə intansiyasında çəkişmə bitib. Qərara bankı qane etmədiyindən apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə prosesinin vaxtı hələ ki, müəyyənləşməyib.
Məlumat üçün deyək ki, ABB kredit müqaviləsi üzrə mübahisələrdən dolayı hər iki şirkət barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı.
“Hikmət İnşaat” MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən “Hikmət Aqro” MMC də “Hikmət İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur.
Yasamal rayonu Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri “TNH” MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
“TNH” MMC-nin təsisçiləri “Gilan” MMC və “Hikmət İnşaat” MMC-dir. “Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınır.
İkinci şirkət isə “Astoriya Tibb Mərkəzi” MMC-dir. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Əlisəftər oğludur. O, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin küərkənidir.
İddialara görə, “Hikmət Aqro” MMC məhz keçmiş deputata məxsusdur. Bu şirkətlərin ABB-dən götürdüyü kreditlərin məbləği bəlli deyil.
2015-ci ildə ABB ilə bağlı “kredit qalmaqalı” baş verib. Araşdırmalar zamanı məlum olub ki, milyonlarla manat vəsait müxtəlif adlar altında kreditə verilib. Araşdırmaların nəticəsi olaraq həmin vaxt ABB-yə rəhbərlik edən Cahangir Hacıyev həbs edilib. O, “mənimsəmə və israfetmə”, həmçinin “vəzifə səlahiyyətindən sui-istifadə etməkdə” təqsirləndirilərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.