Keçmiş deputat Beyləqan sakininin 20 sot torpağını zorla əlindən alıb – Vətəndaşın şikayətinə niyə baxılmır?

Keçmiş deputat Beyləqan sakininin 20 sot torpağını zorla əlindən alıb – Vətəndaşın şikayətinə niyə baxılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmətli oxucular! Cahanpress-in yeni layihəsi olan “Oxucu məktubları” rubrikası ilə veriləcək yazılarda oxuculardan həm elektron ünvanımıza, həm sosial şəbəkələrdəki səhifələrimizə, həm də redaksiyanın ünvanına göndəriləcək məktubları təqdim edəcəyik. Redaksiyaya bir neçə oxucu məktubu daxil olub. Onlar arasında ölkəmizin inkişafının göstəricisi olan minnətdarlıq məktubları da var, insanların problemlərini əks etdirən məktublar da.
Beyləqan rayonunun Əlinəzərli kənd sakini Ruhid Əliyevin məktubunu oxuculara təqdim edirik. İnanırıq ki, oxucunun qarşılaşdığı problemlər qısa zamanda öz həllini tapacaqdır.
“Hörmətli redaksiya! Keçmiş millət vəkili Ayaz Orucov deputat olduğu dövrdə vəzifə səlahiyyətindən sui istifadə edərək Beyləqan rayonunun mərkəzində bizim ailəyə məxsus qanuni sənədləri olan 20 sot torpağımızı qanunsuz olaraq zəbt edib. Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını, mülkünü qanunsuz zəbt edib özününkiləşdirən Ayaz Orucov və onun tərəfdarları barəsində indiyədək heç bir tədbir görülməyib. Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsək də, Ayaz Orucovun yüksək vəzifəli dostları şikayətimizə baxılmasına imkan verməyib. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buna baxmayaraq, hələ də Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmayıb və onlar cinayət məsuliyyətinə cəlb olunmayıblar. Beyləqan rayonunda bizim ailəyə məxsus əmlakı zəbt edən Ayaz Orucova qarşı olan şikayətimizi öz nəzarətinə götürməyi dövlətimizin başçısından xahiş edirik. Ümid edirik ki, Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar”.
Qeyd edək ki, Ruhid Əliyev bu iddialarını təsdiqləyən sənədlərin fotoşəkillərini də məktuba əlavə edib.