Bu gün Türkiyənin Kayseri şəhərində yaşayan azərbaycanlılar müqəddəs Ramazan ayı münasibəti ilə baş tutan iftar yeməyində bir araya gəliblər. TİA.AZ xəbər verir ki, Kayserinin məşhur restoranlarından birində baş tutan İftar duasından və yeməyindən sonra çıxış edən tədbirin təşkilatçısı Elşən Qənbərov bu iftar yeməyinin çox əlamətdar bir hadisə ilə üst-üstə düşdüyünü də vurğulayıb. Belə ki, natiq öz çıxışında vurğulayıb ki, Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi yaranıb. E. Qənbərov qeyd edib ki, təşkilatın hədəfi Kayseridə və ətraf bölgələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizi bir araya gətirməkdən ibarətdir: “Biz çalışacağıq ki, mədəniyyət, sosial və təhsil sferalarında fəaliyyət göstərən həmvətənlərimizi bir araya toplayaq. Bizim bir arada və həmrəy olmağımız vətənimiz Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasını təmin edəcəkdir. Düşünürük ki, Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi təkcə Kayseridə yaşayan azərbaycanlıların birləşdiyi bir dərnək olmayacaq”.
Sonda natiq dərnəyin yaranmasında iştirak edən həmyerlilərimizə də öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Günəş Abbas əmin olduğunu vurğulayıb ki, dərnək mütəmadi olaraq keçirəcəyi tədbirlərlə “İki millət bir dövlət” tezisini əsas götürüb iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə öz töhfəsini verəcək.
Daha sonra çıxış edən Kayseridə yaşayan və fəaliyyət göstərən həmyerlilərimizdən Bakir Şabanov, Qafar Çaxmaqlı, Əsli Xəlilqızı, Vüsalə Əli maraqlı təkliflər dilə gətirərək dərnəyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.