İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.
İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin qərarı, həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir.
Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar. K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.
Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.
Yeri gəlmişkən, Karles Puçdemon özü isə Belçikanın RTBF telekanalına müsahibəsində deyib ki, dekabrda keçiriləcək regional seçkilərdə iştirak etmək istəyir.
Xatırladaq ki, bundan əvvəl İspaniyanın baş naziri Mariano Raxoy hökumətin Kataloniya parlamentini buraxmaq və dekabrın 21-də regionda seçkilər təyin etmək qərarına gəldiyini bəyan edib.