Madrid həm daxildən, həm də xaricdən dəstək almağa davam edir
Madrid həm daxildən, həm də xaricdən dəstək almağa davam edir
Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon oktyabrın 1-da əyalət parlamentinin iclasında müstəqillik haqqında bəyannaməni elan etmədi.
Buna rəğmən Puçdemon, onun müavini Oriol Jukeras, habelə parlamentin spikeri Karme Forkadel əyalətin müstəqilliyi haqqında sənədə imzalarını qoyublar. İspaniya hakimiyyəti isə oktyabrın 1-də keçirilən “referendum”un nəticələrini tanımaqdan qətiyyətlə imtina edir.
Ölkənin ədliyyə naziri Rafael Katala İspaniyanın heç bir halda Kataloniyanın müstəqillliyini müzakirə etməyəcəyini söyləyib.
Puçdemona Kataloniya daxilindən də sərt tənqidlər gəlib. Kataloniyanın Sosialist partiyasının sədri Mikel İseta oktyabrın 1-də keçirilən “referendum”da sadəcə 38,47% kataloniyalının iştrak etdiyini söyləyərək, bunun bir dövlətin müstəqiliyini elan etmək üçün kifayət etmədiyini vurğulayıb.
Əyalət parlamentində “Vətəndaşlar” fraksiyasının lideri İnes Armadas isə Puçdemonun mütəqillik elan etməsi üçün onsuz da heç vaxt mütləq çoxluğa malik olmadığını vurğulayıb. Xanım Armadas Kataloniya rəhbərinin hərəkətlərini İspaniyaya, demokratiyaya və Avropa Birliyinə vurulan zərbə adlandırıb.
Puçdemona əsl zərbə Barselona şəhərinn meri Ada Kolaudan gəlib. Xanım Kolau Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxdığını bəyan edib.
Elə xarici ölkələrdən də İspaniya hökumətinə dəstək gəlməkdə davam edir.
Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidentinin Kataloniyadakı “referendum” barədə mövqeyinin dəyişmədiyini söyləyib. O, ABŞ-ın İspaniyanın dövlət bütünlüyündən yana olduğunu təkrar edib.
Meksika xarici işlər naziri Luis Videqray da ölkəsinin beynəlxalq hüquqa müvafiq olaraq Kataloniyanın müstəqil dövlət olaraq qəbul etməyəcəyini və İspaniyanın bütünlüyünə tərəfdar olduğunu bildirib.
İtaliyanın xarici işlər naziri Ancelino Alfano da İspaniya hökumətini dəstəkləyən bəyanatla çıxış edib.
İspaniya xalqı və Barselonadakı birlik tərəfdarları isə oktyabrın 12-də “İspaniya günü” adlanan böyük tədbirə hazırlaşırlar. Həmin gün ölkədə birliyə və həmrəyliyə tərəfdar sayılan bütün vətəndaşların küçələrə çıxması gözlənilir. Ekspertlər İspaniya dövlətinin bununla ölkənin bütünlüyünü və mənəvi birliyini nümayiş etdirmək üçün əlindən gələni edəcəyini qeyd edirlər.