“Karvan”da onminlərlə manatlıq malı yananlar kömək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlardan birinə 55 min manat, digərinə isə 170 min manat məbləğində zərər dəyib

 

Onlardan birinə 55 min manat, digərinə isə 170 min manat məbləğində zərər dəyib

Sumqayıt şəhər sakinləri Füzuli Quliyev və Şiralı Əsgərov “Yeni Müsavat” qəzetinə müraciət edərək, 2013-cü ildə “Karvan” ticarət mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşdüklərini bildiriblər.

Şikayətçilərin sözlərinə görə, hələ də onlara dəymiş ziyan ödənilməyib və şikayətlərinə də baxılmır. Şikayətçilər bütün lazımı instansiyalara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəliblər.

Şiralı Əsgərov başlarına gələnləri aşağıdakı kimi anladıb: “Ticarət mərkəzində 2013-cü ildə yanğın baş verən zaman Füzuli Quliyevin 15 kvadratmetrlik mağazasında 55 min manatlıq mal yanıb. Mənə dəyən zərər isə 170 min manatdır. Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi. İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İsməli Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov başda olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.

Orta təhsili belə olmayan İsməli Bayramovu isə həbs etdilər. Onu da qeyd edim ki, İsməli Bayramovun bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?”

Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: “Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Dəymiş zərər müəyyən qədər ödənilməlidir. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə  borcumuz var. Bizə dəyən zərərin heç olmasa, 50-70 faizinin ödənilməsini istəyirik”.