“MTN işi” üzrə təqsirləndirilən zabit Eşqin Əliyevin oğurluq etdiyi şəxslərin bir neçəsinin bank sektorunda vəzifəli şəxs olduğu məlum olub.
“MTN işi” üzrə təqsirləndirilən zabit Eşqin Əliyevin oğurluq etdiyi şəxslərin bir neçəsinin bank sektorunda vəzifəli şəxs olduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Əliyev MTN-də işlədiyi müddətdə istifadə etdiyi xüsusi proqramla vətəndaşların SMS yazışmalarını oxumuş və mesajla yaxınlarına bank kartının məlumatlarını göndərən şəxslərdən oğurluq edib. Belə ki, “SMS”lər üzərindən məlumatları əldə edən E.Əliyev elektron ödəniş sistemləri üzərindən həmin kartlardan öz hesablarına pul köçürüb.
MTN zabitinin oğurluq etdiyi şəxslərədn biri də “DəmirBank” ASC-nin plastik kart departamentinin direktoru Rəşad Babayev olub. 2015-ci ilin avqust ayında R.Babayev Türkiyədə rəsmi səfərdə olarkən onun kartından pul çıxılmasına dair SMS bildiriş alıb və dərhal da həmin kartı blokladıb. Sentyabr ayında yenidən kartı aktivləşdirib və oğurluq bir neçə dəfə təkrarlanıb. R.Babayev istintaqa ifadəsində deyib ki, bundan sonra kartını bağlatdırıb və bir daha istifadə etməyib.
E.Əliyevin digər qurbanı isə Mərkəzi Bankın Milli Ödəniş Sisteminin böyük mütəxəssisi Tamerlan Rüstəmov olub. O, istintaqa ifadəsində deyib ki, 2015-ci ilin oktyabr ayında telefonuna SMS gəlib və qeyd olunub ki, kartından PayPal sistemi vasitəsilə 99.99 funt sterlinq ödəniş edilib. T.Rüstəmov “Paypal”ın baş ofisi ilə əlaqə saxlayıb və ona ödənişin Azər Əliyev adlı şəxs tərəfindən aparıldığı bildirilib. Məlum olub ki, həmin şəxs kart vasitəsilə qızıl-zinət əşyası sifariş edib. T.Rüstəmov bundan sonra həmin kartı bağlatdırıb.
MTN zabitinin əməllərindən zərər çəkənlərədn biri də Səhiyyə Nazirliyinin işçisi Şeyda Məmmədovadır. O, istintaqa ifadəsində deyib ki, 2015-ci il oktyabrın 3-də gecə saat 01 radələrində maaş kartından 125 avro pul çıxılmasına dair SMS bildiriş alıb. Bundan sonra kartında qalan 355 manat pulu da özü çıxarıb ki, həmin məbləğ də mənimsənilməsin. Sonra “Azəricard”a müraciət edib və ona bildirilib ki, kartından 125 avroya “E-bay”dan Azər Əliyevin adına klon sifariş edilib.
E.Əliyevin bank sektorundan toruna düşən şəxslərdən növbətisi “Atabank” ASC-nin mütəxəssisi Nərmin Araz olub. O, istintaqa ifadəsində bildirib ki, bank kartının məlumatlarını “sms”lə həyat yoldaşına göndərib. 2015-ci ilin avqustunda bankın Monitoqin Mərkəzindən ona məlumat verilib ki, kartından xarici valyuta ilə əməliyyat keçirilib. Kartı blok etdirən N.Araz hesabdan çıxarışı əldə etdikdə məlum olub ki, həmin əməliyyatla “E-bay”dan 105.5 avroluq “Mini Dron Kamera” sifariş olunub və “Azərcell” nömrəyə 80 manatlıq balans köçürülüb.
Növbəti qurban olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) baş məsləhətçi Nübar Hüseynli istintaqa ifadəsində deyib ki, 2015-ci il oktyabrın 5-də maaş kartından 52 manat çıxılması barədə sms bildiriş alıb. Dərhal “Azəricard”a müraciət edən N.Hüseynliyə bildirilib ki, onun kartı vasitəsilə kommunal ödənişlər edilib, mobil nömrələrin balansına pul köçürülüb. N.Hüseynli bundan sonra kartını blokladıb və rəsmi formada şikayət edib.
Mərkəzi Bankın İnsan Ressusları üzrə mütəxəssisi Nərminə Nuriyeva da zərərçəkənlər siyahısındadır. O, istintaqa ifadəsində bildirib ki, 2015-ci il oktyabrın 1-də həyat yoldaşı Eminin telefon nömrəsinə öz bank kartının məlumatlarını “SMS”lə göndərib. Oktyabrın 3-də kartından 107.5 funt sterliqn çıxarılması haqda bildiriş alıb. Məlum olub ki, Azər Əliyev adlı şəxs PayPal sistemi üzərindən Silverman.uk saytından alış-veriş edib. N.Nuriyeva bundan sonra kartını bağlatdırıb.
Qeyd edək ki, MTN zabiti Eşqin Əliyev istifadəsində olan və nazirliyə məxsus xüsusi proqram vasitəsilə Azər Əliyev adlı şəxsin şəxsiyyətin vəsiqəsini əldə edib və bütün əməliyyatlarda onun adından yararlanıb. E.Əliyev də daxil olmaqla MTN-nin digər vəzifəli şəxslərinin məhkəmə prosesi yanvarın 18-də başlayıb.