Karantindən çıxanlar ən çox ayaqqabı alırlar

Karantindən çıxanlar ən çox ayaqqabı alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazarda tünlükdür – satıcılar isə heç bir karantin qaydalarına əməl etmirlər 

Aprelin 27-dən koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunmuş məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bunun nəticəsində bəzi iş və xidmət sahələrində fəaliyyət  bərpa edilib. 

Fərdi tədris və repetitor, eyni zamanda kitab, qəzet, dəftərxana, çap, surətçıxarma, fotoatelye, fərdi mənzillərdə təmizlik, dərzi xidmətlərinin fəaliyyətlərinə qadağa götürülüb. Bundan əlavə, kosmetika, ətriyyat, geyim, ayaqqabı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti də icazəli olub. Üstəlik, mobil cihazların, ehtiyat hissələrinin, aksessuarların satışı və təmiri də bu sıraya aiddir.

Musavat.com-un əməkdaşı mağazaların sıx olduğu ərazilərdəki ümumi vəziyyətlə maraqlanıb.

Müşahidə etdik ki, qadağaların götürülməsindən istifadə edən insanlar geyim mağazalarında alış-veriş edirlər.

Onu da bildirək ki, ticarət mərkəzlərinin daxilində olan geyim mağazalarının fəaliyyətinə icazə verilmir. Ən çox alış-veriş ayaqqabı mağazalarında edilir.

“8-ci kilometr bazarı” yaxınlığında yerləşən ayaqqabı mağazalarının satıcıları bildirdilər ki, əllərində ötən ildən qalma mövsümi malların demək olar ki, hamısını 1 günün içərisində satıblar. İcazə verilməsinə baxmayaraq, müşahidə etdik ki, bir çox geyim dükanları fəaliyyətə başlamayıblar. Onların mövsümi mallar olmadığı üçün mağazanı açmırlar. Digər bir qisim isə əlacsız qalıb yalnız qış mallarını vitrinlərə düzüb.

Telefon aksessuarları satılan dükanların demək olar ki, hamısı fəaliyyətə başlayıb. Lakin bir çox dükanlar karantin dönəmində mallarını anbarlara daşıdıqları üçün onlardan bəziləri hələ də bağlıdır.

Ətriyyat, qızıl və digər bəzək əşyalarının satışı ilə məşğul olan yerlər işləyir. Bundan əlavə, tikinti materialları satılan mağazaların da hamısı açıqdır və orada da alış-veriş davam edir.

Karantin rejiminin yumşaldılmasında ayrıca bir bənd də SMS-lə icazəyə aiddir. İnsanlar da bundan yetərincə faydalanırlar. Söhbət etdiyimiz şəxslər bildirdilər ki, SMS-lə icazə saatının 3 saata qaldırılması onların rahat alış-veriş etmələri üçün şərait yaradıb.

Bazarda söhbət etdiyimiz əksər insanlar oruc tutduqları üçün iftara, imsaka yeyəcək almağa gəldiklərini söylədilər. “8-ci kilometr bazarı”nda qida ilə bağlı bütün dükanların, piştaxtaların fəaliyyəti bərpa edilib. Bazarda müştəri əlindən tərpənmək olmurdu. Xüsusilə də meyvə-tərəvəz bölməsində ciddi sıxlıq yaşanırdı. İnsanların çoxunda tibbi maska görmədik.

Söhbət etdiyimiz şəxslər bildirdilər ki, havalar isindikcə virus sovuşub gedəcək: “Ona görə də artıq virusdan qorxumuz yoxdur”.

Onu da qeyd edək ki, bazara gələnlərin bir qismi qoruyucu maskadan istifadə etsələr də, bazardakı satıcıların demək olar ki, heç birinin  nə tibbi maskası, nə də əlcəyi vardı…

Əli Rais