“Kapital Bank” ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 123 milyon 919 min manat xalis mənfəət ilə başa vurub. “Kapital Bank”ın xalis mənfəəti cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 772 min manat və ya 15,5% azalıb. Bank 2023-cü ilin ilk 6 ayını 146 milyon 691 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalaması əməliyyat xərclərinin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında “Kapital Bank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 666 milyon 418 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 milyon 818 min manat və ya 23% çoxdur.
2024-cü ilin ilk 6 ayında “Kapital Bank” ASC-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 454 milyon 20 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 milyon 648 min manat və ya 38,7% çoxdur.
Beləliklə, xərclərdəki artım gəlirlərdəki artımı 1 milyon 830 min manat üstələyib. Həmçinin ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait 1,9 dəfə artaraq 54 milyon 293 min manat təşkil edib. Xərclərdəki bu artımlar “Kapital Bank”ın xalis mənfəətinin düşməsinə səbəb olub.
“Kapital Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 iyun 2023-cü il tarixi ilə müqayisədə 1 milyard 235 milyon 432 min manat və ya 34,8% artaraq 30 iyun 2024-cü il tarixində 4 milyard 783 milyon 112 min manat çatıb.
AKTİVLƏRİ 10 MİLYARD MANATA YAXINLAŞIB
“Kapital Bank”ın cəmi aktivləri 30 iyun 2023-cü il tarixi ilə müqayisədə 2 milyard 40 milyon 135 min manat və ya 25,7% artaraq 30 iyun 2024-cü il tarixində 9 milyard 984 milyon 543 min manata çatıb.
“Kapital Bank”da depozitlər isə 1 milyard 362 milyon 141 min manat və ya 21,8% artaraq 7 milyard 601 milyon 89 min manata qalxıb.