Kalanxoe – yaraları sağaldan bitki

Kalanxoe – yaraları sağaldan bitki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu – 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir – sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.

Kalanxoe həmçinin üz dərisinə cavanlaşdırıcı təsir edir, dərini dartır, onu daha elastik və hamar edir. Kalanxoedən quru dəri üçün maska: kalanxoe yarpağı soyulur, xırda doğranılır, zeytun yağı ilə qarışdırılır və təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. Kalanxoedən cavanlaşdırıcı maska: 1 xörək qaşığı kanaxoe şirəsi + 1 çay qaşığı bal + 1 xörək qaşığı üyüdülmüş yulaf yarması + 1 yumurtanın sarısı. Yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Psoriaz, ekzema, müxtəlif dermatitlər zamanı kalanxoe həmçinin çox yaxşı kömək edir. Bitkini bir neçə gün ərzində soyuducuda saxlayın, sonra xırda doğrayıb (yarpağın üzərində olan nazik pərdəni qabaqcadan çıxardın) steril tənzifin üzərinə yerləşdirin və dərinin zədələnmiş hissəsinə qoyun və ya kalanxoe şirəsində steril tənzif isladın və dəriyə qoyun.

Kalanxoe yalnız dəridə olan yaraları deyil, selikli qişalarda olan zədələnmələri də sağaldır. Stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), gingivit (damaqların iltihabı) zamanı kalanxoe şirəsində steril tənzif isladın və iltihablaşmış sahəyə qoyun.

Tonzillit (angina) zamanı su ilə yarıbayarı durulaşdırılmış kalanxoe şirəsi ilə gün ərzində bir neçə dəfə qarqara etmək lazımdır. Bu vasitə boğazda iltihabı azaldır, mikrobları öldürür.

Zökəm zamanı kalanxoe şirəsi burun yollarını təmizləyir, burnu “açır”, iltihabı azaldır. Hər burun yoluna gündə bir neçə dəfə 1-2 damcı kalanxoe şirəsini damızdırın.

Həmçinin kalanxoe şirəsi haymorit zamanı da istifadə olunur.

Varikoz xəstəliyi zamanı kalanxoe müalicəvi vasitə kimi istifadə olunur. Bunun üçün kalanxoe yarpaqları xırda doğranılır, 1/2 l-lik bankaya yığılır və yarpaqların üzərinə çıxana kimi araq tökülür. Banka 7 gün ərzində soyuducuda saxlanılır və sonra yaxşı süzülür. Alınmış vasitə hər gün ayaqlara aşağıdan yuxarı doğru çəkilir.

İstənilən bitkilərdən müalicə məqsədi ilə istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.