Jurnalistlərə verilən evlər: kim haqq edir, kim etmir? – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay ölkədə 256 jurnalistə ev veriləcək.

 Gələn ay ölkədə 256 jurnalistə ev veriləcək. 

İlk mənzil verilmə prosesində olduğu kimi indiki vəziyyətdə də prosesin gedişatı bir sıra qalmaqallar, incikliklər, şayiələrlə yaddaşlarda iz buraxır. Yayılan bəzi məlumatlara görə, artıq Prezident Administrasiyasında hansı jurnalistlərə ev veriləcəyi dəqiqləşdirilib. Əlbəttə ki, bu  fikrin mövcud gedişat üçün sadəcə söz-söhbət olduğunu nəzərə alsaq, doğruluq payının miqdarı da sual altındadır.
Mənzil verilməsi prosesinin mətbuatda “ərəb saçı” vəziyyətini yaratması zaman-zaman insanda təəccüb yaratsa da, başqa bir məqamı da göz önünə gətirir. Azərbaycan hökümətinin jurnalistika və jurnalistlərin inkişafı üçün atdığı bu addım “dördüncü hakimiyyət” insanlarının sosial rifahının nə dərəcədə aşağı olduğunu sübut edir. Əks halda, insanlar niyə evə görə bir-birinə “düşmən” kəsilsinlər, acıq edib işlərindən çıxsınlar və ya həmkarlar arasında ehtiyac olmayan soyuq münasibətlərin yaranmasına şərait yaransın?

Hər bir halda dünya praktikasında jurnalistlərə təmənnasız ev verilməsi tendensiyası mövcud olmasa da, bu addımı birmənalı olaraq müsbət qəbul edənlər də var. Maraqlıdır ki, ölkəmizdə  jurnalistlərə pulsuz ev verilməsi nə dərəcədə doğrudur və bu addım ev ala bilməyən jurnalistlərə qarşı ayrı-seçkiliyə və narazlığa səbəb olurmu? Ümumiyyətlə, Azərbaycan jurnalistinin sosial təminatı üçün redaksiyaların maddi bazalarının gücləndirilməsi, reklam bazarının genişləndirilərək hər kəs üçün əlçatan olmasının təmin olunması və bütün bunların sayəsində jurnalistlərin maaşlarının artırılmasına təkan vermək daha məqsədəuyğun olmazdımı?
Bu mözvu ilə bağlı PİA.AZ-ın əməkdaşı baş redaktorlar və jurnalistlər arasında sorğu keçirib və onların fikirlərini öyrənib.
TİA.AZ həmin sorğunu oxucularına təqdim edir: 
Müəyyən müddətdən sonra atılan bu təşəbbüsə son veriləcəyini ehtimal edənəməkdar jurnalist Azər Həsrətə görə, indiki məqamda bu addım təqdirəlayiqdir:
“Düzdür, dünyada belə bir praktika tətbiq edilmir. Jurnalistlərin ayrıca kateqoriya kimi davamlı mənzillə təmin edilməsi geniş yayılmış hal deyil. Ümumiyyətlə isə bir çox ölkələrdə bunu məqbul saymırlar. Lakin bu o demək deyil ki, biz belə bir praktikadan istifadə edə bilmərik. Əgər bizim dövlətimiz belə bir nəcib addım ata bilirsə, niyə buna qarşı olmalıyıq? Hələ nəzərə almaq lazımdır ki, Azərbaycan yeni demokratiyadır, keçiləcək yolumuz qabaqdadır, ömürsə yerində saymır. Ona görə də dövlətin bu nəcib addımı tam yerinə düşür. Ayrı-seçkiliyə gəlincə, burda ciddi bir problem görmürəm. Qaydalar bəllidir, çərçivə müəyyən edilib və bu iş üçün qurulan komissiya da öz həmkarlarımızdan ibarətdir. Təbii ki, narazılıqlar olacaq, amma iş olan yerdə bu da normaldır.
Reklam bazarı baxımından bəllidir ki, dövlət KİV DF vasitəsilə o problemin həlli üçün yardım edir. Amma unutmayaq ki, Azərbaycan balaca ölkədir. Burada reklam bazarı elə də böyük deyil. Üstəlik, çap mediası da öz ömrünün sonuna gəlib çatıb. Rəqabət həddən artıq güclüdür. Belə olan halda jurnalistlərin öz maddi-sosial problemlərini həll etməsi elə də asan deyil. Ona görə də dövlət bizə əl uzadır, şəxsən cənab Prezident İlham Əliyev indiki mərhələdə mənzil probleminin də həllində yardımını əsirgəmir. Yəqin ki, bəlli bir zamandan sonra bu təşəbbüsə də son veriləcək. Jurnalistlərin maaşlarının artırılmasına gəlincə, dövlətin bu işə heç bir formada müdaxiləsi mümkün deyil. Çünki biz azad bazar iqtisadiyyatına keçmişik. Burada isə belə məsələləri tələb və təklif müəyyən edir, dövlət deyil”. Tərəfsiz media qurumlarının əməkdaşlarının mənzillə təmin olunmadığını iddia edən “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin fikrincə, jurnalistə ev verilməsi dolasıyla onun susdurulması deməkdir:
“Gəlin, məsələyə belə yanaşmayaq. Dünyanın inkişaf etmiş ölkələri ilə Azərbaycanı müqayisə etməyi qəbul etmirəm. Əslində o ölkələrdə dövlət özü insanları, xüsusən də gənc kadrları mənzillə təmənnasız təmin edir. Hətta Sovet dönəmində işə düzəldiyi gündən hər kəsi ev növbəsinə yazardılar. Bu günsə vəziyyət acınacaqlıdır: vicdanlı və peşəkar, ömrünün çoxunu peşəsinə həsr edən jurnalistlər hətta kirayə evlərə yetəcək qədər məvacib ala bilmirlər. Jurnalist 4-cü hakimiyyətdir. Onların əziyyəti ödənməlidir. Necə ola bilir ki, millət vəkillərinə ev verilir, prokurorlar üçün binalar tikilir, hərbçilər evlə təmin olunur, jurnalistlər olunmur?!
Müstəqil, tərəfsiz media qurumlarına nəinki ev, heç adi şərait belə yaradılmır. Mütləq hansısa məmurun himayəsi altında olmalı, yuxarıların diqtəsi ilə addım atmalısan. Çap mediası çökdürülüb – metrolardan yığışdırılıb, köşklər aylarla, illərlə pulları vermirlər. Və bütün bunların müqabilində neft milyardlarına sahib olan ölkə idarəedicilərinin beş-üç jurnalistə minnətlə ev verməsi, gələcək üçün təhdid silahı əldə etməsi başadüşülən deyil. Bundan əvvəlki ev bölümündə nə qədər jurnalistə mənzil verildisə, hamısı bu gün susmaqdadır – evini itirmək qorxusu var axı. Düzdür, o evlər daha çox hakimiyyətyönlü jurnalistlərə verilmişdi, lakin içlərində tərəfsiz və müstəqil kimi tanınanlar da vardı. Lakin bu gün onların hamısı eyni hava çalır, eyni rəngə boyanırlar. Bu isə sadəcə dəhşətlidir!”. urnalistə ev verilməsinin ədalətli qərar olmadığını bildirən jurnalist  Səxavət Məmmədhesab edir ki, bu addım jurnalistin boynuna minnət qoymaq və onu borclu çıxarmaq sayılır:
“Dünyanın heç bir ölkəsində jurnalistlərə ev hədiyyə edilmir. Bu yalnız Azərbaycanda həyata keçirilir. Jurnalistlərin evlə təmin edilməsini doğru hesab etmirəm. Fikrimcə, bu cəmiyyətdə jurnalistlərə qarşı qısqanclıq və aqresiya yaradır. Dəfələrlə başqa sahələrin adamları ilə söhbət zamanı bildirirlər ki, niyə jurnalistlərə ev verilir, bizə yox? Təbii ki, onlar öz sahələrini nəzərdə tuturlar. Digər tərəfdən isə jurnalistlərə ev verilməsi sanki jurnalisti hökümət qarşısında borclu vəziyyətə salır. Verilən evlərin adı nə qədər “hədiyyə” qoyulsa da, bu borc yaradır. Şərqliyik. Hər birimizin istəyəcəyi ilk şey bəlkə də evdir. Ev almaq üçün çalışan birinə ev hədiyyə edilməsi ən azı həmin şəxsin boynuna minnət borcu qoyur. Kimsə bunu inkar edə bilər, ancaq öyrəndiyim bir şey var ki, bu həyatda qarşılıqsız heç nə yoxdur.
Reklam bazarı məsələsində isə media rəhbərləri maddi bazalarının olmamasından şikayətlənirlər. Hətta hökumətin yardımı olmayacağı təqdirdə yazılı medianın məhv olacağı təhlükəsi ilə üz-üzə qaldığını bildirirlər. Bu həqiqətən də belədir. Şəhərdə gəzərkən əlində qəzet olan çox az sayda adam görərik. Media rəhbərləri bildirir ki, reklam bazarı liberal deyil və çox kasıbdır. Hətta reklam bazarının tapşırıqla olduğunu da deyirlər. Haqlıdırlarmı? Bəli! Ancaq hesab edirəm ki, burada media rəhbərlərinin də günahları çoxdur. Çünki bu günə qədər heç bir media rəhbəri reklam bazarının liberallaşması üçün heç bir addım atmayıb. Hər bir media rəhbəri daha asan yola qaçaraq məmurları vurub pul almaq və hansısa nazirliyə sığınmağa üstünlük verirdilər. Bu isə gələcəyə yatırım yox, günü yola verməkdir. Vəziyyət elə bir həddə gəlib çatdı ki, bir media qurumunun taleyi bir nazirin iki dodağının arasında çıxan sözə baxır. Nazir vuruldusa, media qurumu da məhv olur. Media rəhbərləri medianın qurtuluşu üçün reklam bazarının liberallaşması və şəffaflaması üçün çalışmalıdır. Nəticədə jurnalistin maaşı da yüksələr, hətta özləri maaşların yığaraq ev də ala bilərlər” Jurnalistlərin mənzillə təmin olunmasını müsbət addım hesab edən jurnalist, Radio Antenn 101FM-də aparıcı Əzizə İsmayılovaya görə, bu mənzillər sözün əsl mənasında ehtiyacı olan şəxslərə verilməlidir:
“Niyə də doğru olmasın?! Hesab edirəm ki, bu bir sosial layihədir və ehtiyacı olanların mənzil təminatının ödənilməsinə xidmət edir. Əgər mənzilə ehtiyacı olan biri evlə təmin olunacaqsa, burda pis olan nədir?! Əgər mənzillər həqiqətən ehtiyacı olan və qoyulan şərtlərə tam cavab verən jurnalistlərə veriləcəksə, burada heç bir ayrı-seçkilik görmürəm. Zənnimcə, “Məndə yoxdursa, səndə niyə olmalıdır?” prinsipi bir jurnalist üçün mövzu olmamalıdır.
Reklam bazarının genişləndirilməsi ölkədəki reklam bazarına bağlıdır və bu bazar o qədər də böyük deyil. Əgər şəxsən siz saytınıza heç olmasa bir reklamverici cəlbetmə gücündəsinizsə, demək ki, qazancınıza cüzi təsir olacaq. Sizin dediyiniz səviyyədə “hər kəs üçün əlçatan şərait” təbii ki, məqsədəuyğun ola bilərdi. Sadəcə reallıq budur ki, onu yarada biləcək reklam bazarı bizdə yoxdur. Hər redaksiyanın kifayət qədər əlavə xərcləri var və reklam bazarı heç bir halda jurnalistə xəyal etdiyi o imkanları tanıma gücündə deyil”. Evə ehtiyacı olan qocaman jurnalistlərin ev verilmə prosesində adlarının çəkilmədiyini irəli sürən jurnalist Ramina Eyvazqızına görə, bu addım jurnalistlərin qüruru ilə oynamaqdır:
“Bəli, dünyanın heç bir yerində jurnalistlərə ev verilməsi ənənəsi yoxdur. Əvəzində hər sahədə olduğu kimi, mediada korrupsiya, rüşvətin olması istisna deyil. Ötən ay Bakıya Arnold İsaak (heç bir titulu olmayan qocaman jurnalist) adlı 75 yaşlı ABŞ-lı jurnalist gəlmişdi. Azərbaycanlı jurnalistlər üçün ilk dəfə olan “travma jurnalistikası” adlı təlim keçirdi. Ona jurnalistlərə ev verilməsi ilə bağlı sual verdim. O da təsdiqlədi ki, jurnalistlərə sosial imtiyazlar verilə bilər, amma hər hansı əmlakın verillməsi yolverilməzdir. Çünki jurnalistin bu yolla bütün hallarda mövqeyi satın alınır, fəaliyyətində azadlığı pozulur, hökümət qarşısında gözükölgəli olur. Xarici ekspertin dediklərini bu gün hamımız da yaxşı bilirik və günlərdir müzakirə edirik. Jurnalist cəmiyyətdə ictimai fiqur rolunu oynayır, amma onda belə çıxır ki, digər peşə sahiblərinə də növbə ilə ev paylamaq lazımdır. Axı niyə?! Ondansa jurnalistikadakı peşəkarlığa diqqət yetirilsin. Jurnalistlərin dil bacarıqlarına, xaricdə təcrübə səfərlərlərinə dəstək verilsin. Naşı, qeyri-peşəkarlara cəzalar tətbiq olunsun. Jurnalistlərin işlə təminatına nəzarət mexanizmi yaradılsın, onların maaşları elə bir həddə çatdırılsın ki, o gedib özünə ev, maşın da alsın. Bütün günü neqativ xəbər içində olan jurnalistlərin istirahəti üçün sanatoriya tikilsin, yaxud xəstəxana açılsın. Bax, bu jurnalist üçün dövlət dəstəyi ola bilər. Bu gün TV jurnalistikası və bir  çox mətbuat xidmətləri işlək, peşəkar deyil. Bu vəziyyətə təkan vermək lazımdır. Gördüyünüz kimi, ev verilmə məsələsi başlayandan necə çirkin söhbətlər gedir. Heç bu məsələdə də şəffaflıq, ədalət prinsipləri yoxdur. Mənim tanıdığım evə ehtiyacı olan qocaman jurnalistlər var, onlar heç xatırlanmır. Jurnalistin qüruru ilə belə oynamazlar!”. Azərbaycan hökümətinin atdığı bu addımın müsbət hal olduğunu vurğulayan “Editor.az” informasiya portalının baş redaktoru Fərid Şahbazlı hesab edir ki, ev almağa layiqli olan jurnalistlərin bu etimaddan faydalana bilməsi çalışdıqları redaksiyaların rəhbərləri və cavabdeh insanların ədalətli seçimindən asılı olacaq:
“Fikrimcə, dövlət tərəfindən jurnalistlərə mənzil verilməsi kifayət qədər uğurlu modeldir və addım Azərbaycan jurnalistlərinin şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Düşünmürəm ki, başqa ölkədə olmayan tendensiyanın Azərbaycanda olması hansısa fərqlilik yaradır. Əksinə Azərbaycanda dövlət tərəfindən jurnalistlərə yardım edilməsi çox zəruridir. Əgər bu yardım olmasa, Azərbaycan jurnalistikasının ayaqda durması mümkün olmaz. Jurnalistlərin öz güclərinə mənzil ala bilməməsi başqa mövzudur. Çünki bu məsələnin bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən böyük səbəblər obyektiv məsələlərlə bağlıdır. Azərbaycan jurnalistikası çox məhdud bir dairəyə xidmət edir. Yəni, əhalinin  sayı baxımından formalaşan oxucu auditoriyası xidmət səviyyəsini çox məhdud həddə gətirir.
Eyni zamanda Azərbaycandakı biznes mühiti, iri şirkətlərin media ilə reklam müqavilələri bağlaması fəlsəfəsi hələ tam şəkildə formalaşmayıb. Onlar bu müqavilələrə ehtiyac görmürlər. Şübhəsiz ki, bu amillər Azərbaycan mediasında reklam bazarının  formalaşmasına və  mətbuat işçilərinin ev ala biləcək səviyyədə pul qazanmasına imkan vermir. Bu baxımdan Azərbaycan dövlətinin yardımları olmasa, demək olar ki, yazılı media sıradan çıxardı. Dövlətin yardımları sayəsində bu gün klassik medianın ənənəvi nümunələrindən olan qəzetçilik öz mövcudluğunu saxlayıb. Mən bunu hökümətin jurnalistlərə qarşı bir jesti kimi dəyərləndirirəm.
Haqsızlıqlara gəlincə, hər bir prosesin gedişatında narazılıqlar yarana bilər. Mümkündür ki, ev alanla ev ala bilməyən jurnalistlər arasında buna haqqı çatan və çatmayanlar məsələsi narazılıqlar sala bilsin. Hər halda bu hallar normaldır və mən buna prosesin yekunundan öncə qiymət vermək istəməzdim. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən konkret siyasi iradə ortalığa qoyulub. Bu məqamda prosesin subyektləri olan redaksiyalar və cavabdeh şəxslərin üzərinə böyük bir məsuliyyət düşür. Onlar Cənab Prezidentin göstərdiyi bu etimadın düzgün şəkildə reallaşması üçün üzərlərinə düşən vəzifəni yerinə yetirməli və ədalətli seçim etməlidirlər”. Evsiz jurnalistlərin evlə təmin olunmasının tərifə layiq addım olduğunu hesab edən TİA.AZ saytının baş redaktoru Əlişir Əhədə görə, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması ehtiyac duyulan məsələlərdən biridir:
“Öncəliklə qeyd edim ki, jurnalistlərə ev verilməsi dünya mətbuatında mövcud olmasa da, bu addım tənqid ediləsi yox, alqışlanası haldır.  Çünki müxtəlif peşə sahiblərinə müxtəlif güzəştlər edilirsə, jurnalistlər üçün də bu güzəştlərin nəzərdə tutulması müsbət haldır. Lakin hesab edirəm ki, jurnalistlərə ev verilməsi  məsələsi yenə müəyyən narazılıqlara səbəb olacaq. Cünki jurnalistlərin sosial şəbəkələrdə müzakirələri zamanı hamı verilən evə haqqının olduğunu bildirir. Siz fikir verdinizsə, redaksiyalarda ev almağa namizədlərin seçimində belə kifayət qədər narazılıq oldu, hətta redaksiyaları tərk edənləri də gördük. Mən öncəliklə, evi olmayan bütün insanlara ev arzu edirəm. Ümid edirəm ki, illərdir kirayələrdə yaşayan bəzi həmkarlarımız ev sahibi olacaqlar. Yəni, həmkarlarımızı tək xidmətə görə deyil, həmçinin ehtiyaca görə mükafatlandıracaqlar. Ən azı buna görə layihəni alqışlamaq lazımdır.
Reklam bazarına gəlincə, bu, uzun zamandır müzakirə olunan mövzudur. Təbii ki, redaksiyaların asılılığının aradan qaldırılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırmaq üçün reklam bazarının olması əsas çıxış yollarındandır”. Hansısa jurnalistə ev verilməsinin onun peşə fəaliyyəti  və mövqeyində dəyişiklik etməsinə əsas verəcək önəmli amil olmadığını  vurğulayan “AFN.az” saytının baş redaktoru Səbuhi Qafarov hesab edir ki, bu layihə xidmətə görə yox, ehtiyaca görə  nəzərdə tutulub:
“Redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi üçün də KİVDF tərəfindən pul ayrılır. Əlbəttə, dövlətin mətbuatı birbaşa yardım etməsi dediyiniz kimi,  Avropada və digər ölkələrdə bəlkə də yoxdur. Amma, gəlin, biz bunu yaxşı tərəfindən qiymətləndirək. Medianın maddi cəhətdən zəif durumu ölkədə mövcud olan ümumi iqtisadi vəziyyətdən doğan haldır. Özəl sektor monopoliyadadır, reklama meyilli deyil, böyük istehsalçı şirkətlər mal və məhsullarını, xidmətlərini satmaq üçün daha çox şəxsi əlaqələrdən istifadə edirlər. Rəqabətsizlik mühiti reklam münasibətlərinə də öz mənfi təsirini göstərir. Bunlar sonucda əslində reklam bazarına daha çox möhtac olan KİV-in durumunda əksini tapır. Belə bir vaxtda yuxarıda sadalanan problemlərin həlli istiqamətində iş getdiyi dövrdə dövlətin jurnalistlərə dəstək olması müsbət qarşılanmalıdır. Birinci binadan mənzillə təmin olunan onlarla jurnalist var ki, həm KİV-də,  həm də sosial şəbəkələrdə hökümətin bu və digər məsələlərlə bağlı siyasətini tənqid edir. Ayrı-ayrı məmurların fəaliyyətindəki nöqsanları ictimailəşdirir. Eləcə də ikinci binada mənzil almaq üçün müraciət edən jurnalistlər var ki, yeri gələndə tənqiddən çəkinmirlər. Bu o deməkdir ki, mənzil verilməsi, bu və ya digər mənada yardım alması peşəkar jurnalistlərin mövqeyində dəyişiklik edə bilməz. O ki qaldı, kiminsə siyahıdan kənarda qalmasına, şübhəsiz ki, iş varsa, çatışmamazlıqlar da olmalıdır. Redaksiyalar və iş icraçıları diqqətli və ədalətli olsalar daha yaxşı olar. Ümid edirəm ki, haqqı çatanlar mənzillə təmin olunacaqlar. Bu layihə xidmətə görə deyil, ehtiyaca görə mənzillə təminatı nəzərdə tutur. Həmkarlarımız da buna görə davransınlar”. Jurnalistlərə ev verilməsinin pis hal olmadığını qeyd edən jurnalist İlqar Atabəyli bildirir ki, ev bölgüsünün düzgün aparılmaması haqlı narazılıqların yaranmasına səbəb olur:
“Düzünü desəm, jurnalistə ev verilməsi praktikasının başqa dövlətlərdə olub-olmadığını dəqiq bilmirəm. Hər bir halda inkişaf etmiş ölkələrdə jurnalist elə qazanır ki, dövlətdən ev almasına ehtiyacı olmur. Bizdə ölkə  balacadır və reklam bazarı da məhduddur. Jurnalistlərə evin verilməsi, evsiz jurnalistin mənzillə təmin olunması pis deyil. Amma çox təəssüf ki, evi olan insanlar  siyahıda hamıdan başda gedirlər. Belə halda narazılığın olması normaldır. Bəziləri “vicdan” deyilən məfhumu itiriblər. Ancaq buna baxmayaraq, yeri gələndə  yekə-yekə Zərdabi məktəbindən danışırlar”. Dövlətin bu addımını yüksək qiymətləndirən araşdırmaçı jurnalist Dilqəm Əhmədin fikrincə, jurnalistlərə mənzil verilməsi kimi sosial layihənin gələcəkdə digər sahələrə də şamil edilməsi yaxşı olardı:
 “Dünya praktikasında nəyinsə olmaması, o demək deyil ki, bizdə də olmasın. Əgər dövlət cəmiyyətin hər hansı bir əməkçi təbəqəsinə ev verirsə, nə gözəl, bunu dəstəkləmək lazımdır. Könül istərdi ki, bu, zamanla başqa sahədə də çalışanlara  şamil edilsin. Bəzən ittihamçılar unudur ki, evi verən Azərbaycan dövlətidir, başqa bir dövlət deyil. Dövlətin bir evsizə belə ev verməsi alqışlanmalıdır. Məsələn, tutaq ki, illərdir kirayələrdə, darısqal daxmalarda həyat sürən, əslində isə sürünən bir jurnalistə ev verilmədi, bundan ittihamçılar nə əldə edəcəklər? Xoşlarınamı gələcək, hər hansı bir jurnalist geridə qalan 15-20 illik ömrünü də nəmişlik qoxan daxmalarda keçirsin və ya uşağının boğazından kəsib kirayələrə versin?
Redaksiyaların sosial təminatına gəldikdə isə, bu qəribə iddia tez-tez səslənir. Azərbaycanda hansı sahədə çalışanlar maaşlarından yığıb ev ala bilir ki? Redaksiyalardakı maaşların nə olduğunu bilirik və gəlin etiraf edək ki, Azərbaycan standartları üçün normal maaşdır və bundan artığını redaksiya rəhbərliyindən gözləmək mümkün deyil. Reklama gəldikdə isə bunun günahı redaksiyalarda deyil. Mən Türkiyə mətbuatını yaxşı bilirəm. Məsələn, Ramazan bayramında iri holdinqlər, şirkətlər qəzetlərdə bir səhifəlik elanlar dərc edib vətəndaşları təbrik edirlər. Yəni, qəzetə pul ödəyirlər. Bizdə şirkətlər bunu niyə etmir? Yəni, reklam məsələsində təkcə redaksiyalar günahkar deyil. Ümid edirəm ki, həqiqətən layiq olanlara, ehtiyacı olanlara ev verilsin”. Bəzi jurnalistlərin bir mənzilə görə öz şəxsiyyətlərini ayaqlar altına atdığını bildirən jurnalist Eldəniz Elgün vurğulayır ki, yaranmış biabırçı vəziyyət mətbuat adına utancvericidir:
“Əslində mövcud durumu dəyərləndirsək, dövlətin jurnalistlərə mənzil verməsini normal qiymətləndirirəm. Amma bu məqamda başqa bir olay məni çox qıcıqlandırır. Söhbət özünü jurnalist adlandıran əksəriyyətinin dilənçi psixologiyasına malik olmasından gedir. Şəxsən mən onların etdiklərini, yüz dona girmələrini görəndə jurnalist olmağımdan utanıram. Bir mənzilə görə az qala qürurlarını, şəxsiyyətlərini ayaq altına atırlar. Jurnalistlərə veriləcək 256 mənzil var. Amma inanmıram ki, Azərbaycanda 256 peşəkar jurnalist olsun. Meydanda isə bir sürü şəxs var və elə səs-küy salıblar ki, sanki jurnalistikanın baniləri bunlardır. Mən 26 ildir ki, bu sahədə çalışıram. 20 sənədli filmin, bir bədii filmin müəllifiyəm, Elmlər Akademiyasının xəttiylə kitabım çıxıb. Amma utandığımdan səsimi çıxarıb mənzil istəmirəm. Çünki biabırçı bir mənzərə yaranıb və bu jurnalistikanın mövcud durumunu əks etdirir.  
Reklam bazarına gəlincə, dedikləriniz doğrudur. Amma reallıq bunun tam əksini deyir. Reket jurnalistikası inkişaf edəndən sonra mətbuata inam itdi. İnanmıram ki, kimsə hansısa qəzetə, sayta reklam versin. Oğurluğun inkişaf etdiyi cəmiyyətdə sizin dedikləriniz alınan məsələ deyil. Hazırda şantaj, böhtan mətbuata pul gətirən yeganə yoldur. Hamı hansısa formada bu prosesdə iştirak edir. Buna görə yaxın 10-15 ildə inanmıram ki, hansısa yenilik olsun. Bu gün oğrudan oğruya halaldır prinsipi işləyir və bunu dəyişməyə heç kəs həvəs göstərmir. Oğru məmurun oğru mətbuatı hələlik aktual olaraq qalacaq”.