backend

JURNALİSTLƏR :”ŞƏRTLƏR KİFAYƏT QƏDƏR ƏDALƏTLİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanda jurnalistlərə yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb.  

Dünən Azərbaycanda jurnalistlərə yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. 

Bəzi məqamlarda şərtlər müstəqil fəaliyyət göstərən jurnalistləridə eləcə də, gənc jurnalistlərdə sual doğurub. Görəsən, ölkənin media nümayəndələri və aparıcı xəbər saytlarının redaktor və müxbirləri bu haqda nə düşünür? Şərtlər onları qane edirmi?

 

 

“Qaynar. info” portalının baş redaktoru Zahir Əzəmətin sözlərinə görə, şərtlər normaldır:  

“Amma bir məqam nəzərə alınmayıb. Məsələn, hansısa jurnalist təcrübəsindən, stajından, ev şəraitindən asılı olmayaraq, yaxın 3 il ərzində iş yerini dəyişibsə, ev ala bilməyəcək. Bu, məncə böyük bir qrupu Prezidentin xöşməramlı addımından bəhrələnmə şansından mərhum edəcək. Digər şərtləri məqbul hesab edirəm. Həm də ümid edirəm ki, ötən dəfəki kimi balans pozulmayacaq, siyahıda evsiz jurnalistlər üstünlük təşkil edəcək”..

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin qənaətinə görə, şərtlər kifayət qədər ədalətlidir: 

“Bizim redaksiyanın əməkdaşlarını tam qane edir. 10 il iş stajı çoxdu məgər? Elə 10 il mətbuatda olanlar da cavandırlar. Bu məntiqlə orta məktəbdə qarşısına jurnalist olmaq məqsədi qoyan uşaqlara da ev verilməlidir. Necə olsa, böyüyəndə jurnalist olacaqlar axı? Doğrusu, “cavanlar etiraz edir” sualının qarşında nə deyəcəyimi belə bilmirəm. Evi dövlət tikir, şərtləri də o müəyyənləşdirir. İndi kiminsə xoşuna gəlmirsə, gedib özü bir bina tiksin, öz şərtlərini də müəyyənləşdirsin. Bu qədər bəsit. Dövlət mənzili kiminsə jurnalist peşəsini seçdiyinə görə vermir. Konkret şəxsin mətbuatın inkişafındakı xidmətlərinə, yaradıcılığına və nəhayət, ehtiyacına görə verir”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov münasibətini bu cür ifadə etdi: “Normal şərtlərdir. İlk növbədə ömrünü jurnalistikaya həsr edənləri dəyərləndirmək lazımdır. Gənclərin bütün həyatı hələ qabaqdadır, onlara da vaxtı gələndə növbə çatar.”

AFN.az xəbər portalının baş direktoru Həbibə Abdulla bildirdi ki, şərtlər məntiqlə götürdükdə normaldır: “Mətbuatda əməyi olan insanlar ev ala bilərlər. Amma düşünürəm ki, əgər birinci mənzildə olduğu kimi burada da evi olanlar, baş redaktorlar, mediada çox da əziyyəti olmayan insanlar ev alacaqsa, o zaman şərtlərin qane edici olub-olmaması durumu dəyişmir. Bir də şərtlərdə baxdım, müstəqil fəaliyyət göstərən jurnalistlər üçün kriteriya müəyyənləşdirilməyib. Məsələn, mənim tanıdığım jurnalistlər var ki, uzun illər işləyiblər hazırda rəsmən hansısa KİV-də çalışmırlar. Amma müəyyən media orqanları ilə qonorar müqabilində əməkdaşlıq edirlər. Bu cür insanların da şərtlərdə nəzərə alınması çox yaxşı olardı. İnşallah, bir çox həmkarım bu fürsətdən yararlanıb, mənzil probleminin həllinə nail ola biləcək. Bu layihə üçün ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Müstəqil jurnalist Tahire Qafarlı üçün şərtlər normal olsa da, düzəlişə ehtiyac var: “Ola bilər ki, jurnalist ayrı-ayrı vaxtlarda müxtəlif qəzet və saytlarda işləməklə fəaliyyətində daha əhəmiyyətli bir yaradıcılıq nümayiş etdirib. Yaxud ola bilər ki, rəsmi əmək müqaviləsi ilə işləmir, amma o öz qələmi ilə daha səmərəli işlər görüb. Müstəqil fəaliyyət göstərmiş qələmi ilə öz sözünü deyən jurnalistlərə də ev verilməlidir. Şərtlərə bu da daxil olmalıdır. Aidiyyatı oqranlar – araşdırmalı və bu məsələyə diqqət ayırmalıdır. İnşaallah yenə də evləri olan redaktorlara açar verilməz. Yaxud jurnalistikadan xəbəri olmayanların qohum redaktorların vasitəsi ilə yeni evlərə sahib çıxmaları faktı ilə də rastlaşmarıq”.

Jurnalis İlkin Ağayev də şərtlərdən razıdır: “Hər şey yaxşıdır, cənab Prezidentə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı indiyədək heç bir ölkədə həyata keçirilməyən belə bir sosial layihəni gerçəkləşdirdiyi üçün bir daha minnətdarlığımı bildirirəm”.

1 news.az saytının müxbiri Babək Cahandarovu şərtlər qane edir: “Ancaq razılaşmadığım məqamlar da var. Misal üçün jurnalistlərə yeni binada mənzillərin verilməsinin qaydaları və şərtlərində göstərilir ki, namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il fəaliyyət göstərməlidir. Ola bilsin ki, hansısa jurnalist 20 ildir ki, mətbuat sahəsində çalışır, lakin iki il əvvəl yeni KİV-də işləməyə başlayıb. Belə çıxır ki, 20 il jurnalist kimi fəaliyyət göstərsə də, ev üçün namizədliyini verə bilməz. Məncə, bu düzgün deyil. Ümumilikdə isə şərtləri normal hesab edirəm. Lakin burada əsas məsələ mənzillərin ədalət prinsipi əsasında, ehtiyacı olan jurnalistlərə verilməsidir. Elə jurnalistlər var ki, evi ola-ola namizədliyini vermək istəyir. Kiminsə haqqını yemək böyük günahlardan biri sayılır. Ona görə də mənzillərin Azərbaycan mətbuatının inkişafında az-çox xidmətləri olan, peşəsinə vicdanla və məsuliyyətlə yanaşan, mənzili olmayan jurnalistlərə veriləcəyinə ümid edirəm”.

 “Axar.az” saytının müxbiri Aygün Yusibova bildirdi ki, çoxdan gözlənilən bir layihədir: “Azərbaycanda bu evlərə layiq çoxlu, savadlı jurnalistlərimiz var. 2019-cu ildə də tikiləcək daha bir binada da xeyli jurnalistlər evlə təmin olunacaq. Ümumilikdə, şərtlər normaldır və məni qane edir. Bu layihədə ölkə adına əməyi olan jurnalistlərin yer alması daha yaxşı olardı”.

İLAHƏ