Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Milli Məclis deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.
Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Milli Məclis deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.
PJB-nin sədr müavini Aqil Aslan Modern.az-a bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan jurnalistlər iştirak edib:
“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçiririk. Bu, sayca 11-ci sorğumuzdur. Parlament jurnalistləri deputatların fəaliyyətini daha yaxından izləmək imkanına malikdirlər. Ona görə də onların seçimi daha obyektiv qiymətləndirilir. Bu il də qərara gəldik ki, üzvlərimiz arasında sorğu keçirib ötən ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək. Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlərlə deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir”.
A.Aslan deyib ki, sorğu nəticəsində “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva olub: “Millət vəkili Mehriban Əliyeva ötən il 28 May – Respublika günü münasibəti ilə “Amnistiya haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdi. Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi Amnistiya aktının qəbulu ilə 3500 nəfər məhkumluqdan azad edilib, ümumilikdə bu akt 10 minə qədər insanı əhatə edib. Parlament jurnalistlərinin böyük əksəriyyətinin fikrincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər. Bununla onu demək istəyirəm ki, Mehriban Əliyeva daha iki nominasiya üzrə də qalib olub”.
“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Əflatun Amaşov və Çingiz Qənizadə olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə plenar iclaslarda gündəliyə dair təkliflər və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Yevda Abramov, Vahid Əhmədov və Əli Məsimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardımçı olduqlarına görə müəyyən ediliblər.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Sevinc Fətəliyeva, Azay Quliyev, Rövşən Rzayev və Cavanşir Feyziyevdir. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.