backend

JURNALİST XANIMLARIMIZ BAYRAMI BELƏ QEYD EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 Mart Beynəlxalq Qadınlar Günü illər keçsə də hər il təmtəraqla bütün dünyada qeyd olunur. 

8 Mart Beynəlxalq Qadınlar Günü illər keçsə də hər il təmtəraqla bütün dünyada qeyd olunur.

İşləyən qadın deyəndə ağlımıza ilk gələn həkim, müəllimə, jurnalist və digər bunun kimi müxtəlif peşə sahələrində çalışan qadınlarımız olur. 

Cəmiyyətimizin zərif qəhrəmanları olan qadın jurnalistlərimiz 8 Martı necə qeyd edirlər? 

AFN.az xəbər portalının baş redaktoru  Həbibə Abdulla : ”8 Martda hər bir qadın kimi yaxınlarımdan, xüsusilə də həyat yoldaşımdan təbrik gözləyirəm. Ötən il mənim üçün sürpriz oldu. Qızımı məni təbrik etməyi öyrətdi, qızım təzə danışmağı öyrənirdi. Bir ana kimi bu, çox gözəl hissdir. Xüsusi olaraq 8 Martı bayram kimi qeyd etmirəm, harasa da getmirik, evdə oluram. Çox istərdim ki, işdən və qayğılardan imkan tapıb, rayona anamın bayramını canlı-canlı təbrik etməyə gedim. Hediyyə üçün konkret seçimim yoxdu, nə olsa xoşdu. Ad günümdə hədiyyə ummuram, amma 8 Martda gözləyirəm”. 

Cebhe.info saytının müxbiri Alçina Amilqızı: “ 8 mart Qadınlar Günü Azərbaycanda da qeyd edilir. Təqvimin bu günü xanımları intizara, kişiləri isə sözün yaxşı mənasında təlaşa salır. Əks cinsin nümayəndələri xanımların xoş günündə onları sevindirmək üçün əllərini ciblərinə atmalı olurlar. Amma xanımların bayramını hələ qəbul etməyən kişilər var. Hətta el arasında bu günü “soyğunçu bayram” deyə adlandırırlar. Hesab edirəm ki, zərif cinsin nümayəndələrinə təkcə 8 martda deyil, həmişə diqqət göstərmək vacibdir. Çünki xanımlar diqqət axtarışındadır.

Əslində 8 martı adi günlərdən bir qədər fərqli keçirirəm. Doğmalarımın, əzizlərimin və ailəmin əhatəsində olmaqla kiçik qeydetmə mərasimi təşkil edirik. Yalnız qadınlar yığılaraq, xoş bir gün keçirməyə çalışırıq. Təbii ki, ən çox hədiyyəni həyat yoldaşımdan gözləyirəm. Səmimi desəm məni sevən, hörmət edən, rəğbət bəslədiyim dostlarımdan hədiyyə gözləyirəm. Dəyəri mənim üçün maraqlı deyil. Yetər ki, düşünülüb və  sevə-sevə hazırlanıb”. 

Qafqazinfo.az saytının köşə yazarı Dünya Sakit: “8 Martı evdə uşaqlarım və yoldaşımla birlikdə qeyd edəcəm. Yoldaşım sabaha yemək hazırlamaq üçün bəzi hazırlıqlar görüb. Əlbəttə ki, diqqəti və hədiyyəni yoldaşımdan gözləyirəm. Həyatımda olan daha 2 kişidən də təbrik gözləyirəm – hərçənd Hüseyn və Turqut hələ balacadılar. Bir cümlə “Ana, bayramını təbrik edirəm!” deyə bilsələr mənim üçün ən böyük hədiyyə olar”. 

 

Hafta.az saytının müxbiri Naibə Qurbanova: “Məxsusi qeyd etmirəm, amma bayram əhval-ruhiyyəsi yaratdığı üçün sevimli bayram olduğunu düşünürəm. Ən azından bu gündə bəzi qadınların müəyyən arzusu yerinə yetir. Hədiyyə gözləntim yoxdur, çünki doğmalarım bilir ki, bu gün mənim üçün o qədər də əhəmiyyətli deyil. Amma təbrik edənlər olur. Həm də unutmayaq ki, 8 mart vaxtilə zəhmətkeş qadınların sadə və ucuz hədiyyələrlə təbrik olunduğu, amma onları ürəkdən sevindirən, qadın olduqlarını hiss etdirən solçuların bayramıdır. Şablon da olsa deməliyəm ki, əsas hədiyyə gözləntisi deyil, həmin gün qadının fərqliliyini düşündüyü gündür”.  

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, Səfayə Əhmədova: ”8 martı ailəmlə, qızlarımla, anamla birgə qeyd edəcəm. Qeyd edəcəm deyəndə, qeyri-  adi nəysə nəzərdə tutmuram. Adətimiz üzrə, ailəcə toplaşırıq. Ailə üzvlərim, övladlarım artıq hədiyyələrimi veriblər. Hələ də davam edir”.

İlahə