Rusiya Dövlət Dumasının sədr müavini, müxalif Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski uzun yeni il tətilinin əleyhinə çıxıb.
Rusiya Dövlət Dumasının sədr müavini, müxalif Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski uzun yeni il tətilinin əleyhinə çıxıb. Novator.az-ın məlumatına görə, Jirinovski əhaliyə yeni il tətili əvəzinə 15 gün əlavə məzuniyyət verməyi təklif edib.
Dumanın sədr müavini təklifini əhalinin yeni il tətilində çox spirtli içki qəbul etməsi ilə əsaslandırıb: “Uzun yeni il tətilini yenə qüvvədə saxladılar, statistika isə Rusiyada yanvarın 1-dən 10-na qədər spirtli içkidən 20 min insanın öldüyünü göstərir.
Bu uzun yeni il tətilləri nəyə lazımdır? Onun əvəzinə əlavə məzuniyyət günləri müəyyən etmək gərəkdir. Qoy adamlar nə vaxt istirahət edəcəklərinə özləri qərar versin”.
Siyasətçinin fikrincə, Rusiya əhalisi yeni il bayramında uzun müddət bekar qalıb içki içir: “Biz əhaliyə iki məzuniyyət verilməsinə nail olmalıyıq. 30 günlük məzuniyyətə 15 gün əlavə olunmalıdır. Ümumi bayram günləri isə yalnız yanvarın 1-i, mayın 9-u və iyunun 12-si qalmalıdır”.
Rusiya hökuməti oktyabrın 18-də 2018-ci il üçün bayram tətilləri təqvimini təsdiqləyib. Yeni il tətili 2017-ci il dekabrın 30-dan 2018-ci ilin yanvarın 8-dək çəkəcək.
Ölkədə yanvarda qeyd olunan Yeni il və Milad bayramlarından əlavə bu dövlət bayramları da var: Vətənin Müdafiəçisi Günü (23 fevral), Beynəlxalq Qadınlar Günü (8 mart), Bahar və Əmək Bayramı (1 may), Qələbə Günü (9 may), Rusiya Günü (12 iyun), Milli Birlik Günü (4 noyabr).