Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Tsarqrad TV” kanalına müsahibəsində növbəti dəfə millətçi və şovinist bəyanatlar səsləndirib.
Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Tsarqrad TV” kanalına müsahibəsində növbəti dəfə millətçi və şovinist bəyanatlar səsləndirib.
Publika.az xəbər verir ki, partiya liderinin sözlərinə görə, Rusiya prezidenti olsaydı, ABŞ prezidenti Donalda Trampa SSRİ-nin bərpasını təklif edərdi.
“Rusiya İran və Çinlə öz münasibətlərini ABŞ-ın istədiyi kimi qurur, ABŞ bunun əvəzində keçmiş sovet respublikalarının Rusiyaya birləşməsinə, yəni SSRİ-nin sərhədlərinin bərpasına mane olmur. Yəni, təmiz ticarət. Axı, Donald Tramp biznesmendir. Belə saziş onun üçün də əlverişli olardı. Əgər keçmiş sovet respublikaları ABŞ-ın daha müdaxilə etmədiyini görsələr, özləri Kremlin nəzarəti altına qaçaraq gələcəklər”, – deyə Jirinovski bildirib.
Onun sözlərinə görə, əslində, bu “razılaşma” ilə Rusiya Trampdan daha çox güzəştə gedir: “Azərbaycan, Ukrayna, Belarus, Baltikyanı və Qazaxıstan onun vecinə də deyil”.
Siyasətçi qeyd edir ki, SSRİ-nin bərpası ilə bağlı heç bir etiraz olmayacaq. O, bunu ittifaqın keçmiş respublikalarının bütün əhalisinin bunu “istəməsi” ilə izah edib. Jirinovski Belovejski razılaşmalarında da heç bir qanunauyğunluğun olmadığını qeyd edib.
Onun Dağlı Qarabağ münaqişəsi ilə bağlı söylədikləri isə ikrah hissi doğurur:
“Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını nəzarət altına alanda nə Qarabağ olacaq, nə də Azərbaycan. Çarın dövründəki kimi Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası və Kutaisi quberniyası olacaq”.
Partiya liderinin fikrincə, bütün keçmiş sovet respublikaları Rusiyaya qoşularaq “xoşbəxt” olacaqlar:
“Onların təhlükəsizliyi təmin ediləcək və perspektivlər ortaya çıxacaq”.