Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin iki gün öncə Dağlıq Qarabağ və Azərbaycan haqqında söylədiyi fikirlər “Kremlin mesajı” olaraq dəyərləndirildi. Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin iki gün öncə Dağlıq Qarabağ və Azərbaycan haqqında söylədiyi fikirlər “Kremlin mesajı” olaraq dəyərləndirildi.
“Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını nəzarət altına alanda nə Qarabağ olacaq, nə də Azərbaycan. Çarın dövründəki kimi Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası və Kutaisi quberniyası olacaq”, – deyə Rusiya siyasətinin təlxəyi hesab olunan bu şəxs bildirdi.
Rusiyanın postsovet məkanını öz təsir dairəsinə almaq, keçmiş SSRİ-nin nüfuzunu qaytarmaq hədəfləri fonunda bu təlxəyin dediklərinin Kremlin arzusunu dilə gətirmək olduğu ehtimalı aydın görünür.
Lakin rusiyalı politoloq Sergey Markov belə düşünmür.
Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə seçilən politoloq Jirinoviskinin Azərbaycana, o cümlədən heç bir postsovet ölkəsinə mesaj vermədiyini deyib.
Onun sözlərinə görə, Jirinoviskinin belə deməsinin sirri seçkilərdir.
“Rusiyada prezident seçkiləri yaxınlaşır və seçkiqabağı dövrdə Liberal Partiyasının lideri özünə xal toplamağa çalışır. Jirinoviski bu günlərdə elan etdi ki, prezidentliyə namizədliyini verəcək. Ardınca da belə fikirlər səsləndirdi. Yəni o, bununla keçmiş SSRİ respublikalarına nəyinsə mesajını vermədi, əksinə seçkiöncəsi mesajlar verdi. Prezident seçkilərindən sonra da Dövlət Dumasına seçkilər olacaq. Belə bəyanatlarla Jirinoviski öz seçicilərinin sayını artırmağa çalışır. Çünki onun seçici elektoratı azdır və o, hiyləgərlik edir. Bilir ki, insanlarda SSRİ nostaljisi var və bu incə məqamdan ustalıqla istifadə edir”, – deyə o bildirib.
S.Markov əlavə edib ki, Jirinoviskinin bəyanatını Azərbaycana qarşı təxribat olaraq qəbul etməyin tərəfdarı deyil.