backend

“Jerusalem Post” İsrail və Azərbaycan əlaqələrindən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik.  

Bu günlərdə biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik. 

İki dövlət arasında bu real və həqiqi tərəfdaşlıq müxtəlif sahələrdə sıx əməkdaşlıq nəticəsində artıq iyirmi ildən çoxdur ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Bu münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Son dərəcə yaxın münasibətlərin əsasında Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim dostluq dayanır.


TİA.AZ xəbər verir ki, bu fikirlər beynəlxalq münasibətlər sahəsində ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut və azərbaycanlı tədqiqatçı, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayevin bu günlərdə “Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail Dövləti və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 25-ci ildönümünü qeyd edərkən” sərlövhəli məqaləsində yer alıb.


 

Müəlliflər vurğulayırlar ki, 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan islam dünyasında İsrailin ən yaxın dostu və tərəfdaşına çevrilib. Məqalədə deyilir: “Cənubi Qafqazda tərəfdaşlar axtarışında yəhudi dövləti keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlət – Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. Azərbaycan İsraili neft məhsulları ilə təchiz edən əsas dövlətlərdən biri kimi regionda çiçəklənən və təhlükəsiz İsrailə münasibətdə hətta düşmən mövqeyində dayanan müsəlman ölkələri üçün əməkdaşlığın ən yaxşı nümunəsinə çevrildi. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir”.

ABŞ hökumətinin sabiq milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski yazırdı ki, “Mərkəzi və Şərqi Asiyanı birləşdirən Cənubi Qafqazın energetikasının əsas strateji nəqliyyat qovşaqlarında yerləşən Azərbaycan ən vacib geosiyasi mərkəzlərdən biridir”.

Aydındır ki, neft məhsullarının Azərbaycandan etibarlı tədarük olunmasına İsrailin marağı bu ölkələr arasında münasibətlərin vacib amilidir. Hazırda Azərbaycan İsrailin neftə tələbatının 50 faizini ödəyir.

Müəlliflər qeyd edirlər ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qruplar, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının da doğma evidir. Milli azlıqlara hörmət və dözümlülük İpək Yolu dövründən bu günümüzədək mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli azlıqların nümayəndələri, habelə qadınlar hökumətdə təmsil olunublar. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Məhz Azərbaycan əsilli yəhudilər İsrail və Azərbaycan arasında dostluq və yaranmaqda olan iqtisadi və geosiyasi əməkdaşlıq körpüsünə çevriliblər.

Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı tarixində yəhudi icmasının mühüm və inteqral rolu barədə Azərbaycandan kənarda və ya dünyadakı yəhudi icmalarından nisbətən az adam məlumatlıdır. “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi – doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr edirdi. Bundan əlavə, sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar”, – deyə məqalə müəllifləri vurğulayırlar.

Arye Qut və Səid Musayev yazırlar ki, qonşu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi və təcavüzünə baxmayaraq, dinc yanaşı yaşama prinsipi Azərbaycan cəmiyyətinin təməl daşı kimi qalmaqda davam edir. “Hətta 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında müharibə başlayanda Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında harmoniyanı qoruyub saxladı. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü müstəqil dövlət, geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan Ankara və ya Tehrandan asılı olmayan çoxvektorlu xarici siyasət həyata keçirir. Beləliklə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır. Onlar beynəlxalq arenada güclü və müstəqil aktor olan Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirlər. Belə bir faktı vurğulamağa dəyər ki, İsrail Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal çıxış edir və Ermənistanın təcavüzkar əməllərini pisləyir. 25 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun qaytarılması məsələsində İsrail real və həqiqi tərəfdaş kimi Azərbaycana dəstəyini nümayiş etdirib”, – məqalədə deyilir.

İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. O deyib: “Biz dünyada o qədər dözümsüzlük, o qədər çox nifrət görürük. Burada – Azərbaycanda isə bütün dünyada müsəlmanlarla yəhudilər arasında hansı münasibətlərin ola bilməsinin və olmasının nümunəsini görürük”.

Müəlliflər İsrailin müdafiə naziri Aviqdor Libermanın bu fikrilərini də sitat gətirirlər: “Azərbaycan İsrailin təkcə strateji tərəfdaşı deyil, həm də dinlərarası və etnik qruplar arasında tolerantlıq nümunəsidir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri getdikdə daha möhkəm və sarsılmaz olur ki, bu da şübhəsiz, hər iki tərədə fayda gətirir. Azərbaycana dəfələrlə etdiyim səfərlər zamanı mən bir sıra rəsmi şəxslərlə, ilk növbədə isə Prezident İlham Əliyevlə görüşmüşəm. Bu da bizə yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan yaradıb”.

Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov “JNS.org”a müsahibəsində deyib ki, Netanyahunun səfəri təkcə hökumətlərarası münasibətlər nöqteyi-nəzərindən deyil, həm də Azərbaycanın çiçəklənən yəhudi icması baxımından məna daşıyır. “Yəhudi icması ilə bu əlaqə bizim İsraillə strateji əlaqələrimizin əsasıdır”, – deyə E.Süleymanov vurğulayıb.

Səid Musayev və Arye Qut qeyd edirlər ki, Azərbaycan və İsrail arasında münasibətlər pozitiv və strateji xarakter daşıyır.

“Azərbaycan və İsrail 2020-ci ilə qədər öz təbii qazını böyük həcmdə nəql etməyə hazırlaşan iki etibarlı strateji tərəfdaşdır. Netanyahu hökuməti Aralıq dənizində təbii qazın istismarının sürətləndirilməsi üçün var qüvvə ilə çalışır. İsrail “Leviafan” yatağının istismarı ilə qlobal qaz bazarına ixracatçı ölkə kimi çıxmağa hazırlaşır. Hayfanın təxminən 130 kilometrliyində yerləşən, 2010-cu ildə kəşf edilmiş yatağın ehtiyatları 535 milyard kubmetr qiymətləndirilir. Bu, son on ildə dünyada aşkar edilən ən böyük qaz yatağıdır. “Leviafan” konsorsiumu 2019-cu ilədək Leviafan yatağını işləməyə istiqamətlənib. İsrail qazının satışı haqqında İordaniya və Misirlə danışıqların pozulmasından sonra, güman ki, regionda bu yeni geosiyasi və kommersiya amillərini Təl-Əvivə İsraildən Türkiyəyə qaz ixracı kəmərinin tikintisinə gətirəcəklər”, – deyə məqalədə bildirilir.

Müəlliflərin fikrincə, İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi, həmçinin İsrailin regional vəziyyətini xeyli yaxşılaşdıra bilər. “Türkiyə ilə İsrail arasında qaz kəmərlərinin olmaması səbəbindən əlaqədar tərəflər arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır. “Haaretz” qəzeti İsraillə Türkiyə arasında pozulmuş etimadın bərpa olunmasında Azərbaycanın vasitəçiliyinin vacibliyini vurğulayır ki, bu, İsrail ilə Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatını yaradacaq. Baş nazir Benyamin Netanyahu təbii qazın ixracına qonşu dövlətlər və Avropa ölkələri arasında münasibətlərin yaxşılaşdırılması yolu ilə İsrailin dünya arenasında geosiyasi vəziyyətinin möhkəmlənməsi vasitəsi kimi baxır.

İsrailin Avropa bazarına çıxmaqda beynəlxalq səviyyədə Enerji İpək Yolu kimi tanınan TANAP kəməri variantını seçməsinin bir neçə səbəb var. Birincisi, İsrailin energetika tərəfdaşı kimi, Azərbaycan ya təşəbbüskar, ya tədarükçü, ya da bu kəmərin infrastrukturunun təchizatçısı kimi qərar qəbul etmək rolunu öz üzərinə götürüb. TANAP və TAP qaz kəmərləri Cənub Qaz Dəhlizinin vacib komponentləridir və qaz təchizi mənbələrinin şaxələndirilməsi üzrə Aİ-nin strateji məqsədini dəstəkləyir”, – deyə müəlliflər qeyd edirlər.

2016-cı il dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri əməkdaşlıq haqqında dörd sazişin imzalanması ilə başa çatdı. Bunların arasında birgə iqtisadi komissiya yaradılması haqqında sazişi Netanyahu Azərbaycanla enerji əməkdaşlığının genişlənməsi faktı kimi dəyərləndirib. O, Prezident İlham Əliyevlə söhbətində deyib: “Bizim güclü enerji münasibətlərimiz göz qabağındadır. Biz təkcə Azərbaycandan İsrailə ölkəmizin neft idxalının mühüm hissəsini təşkil edən neft satışından deyil, həm də qaz ixracında ümumi obyektlərin istifadəsi, İsrail qazının ixracının potensialı və qarşılıqlı əlaqələr haqqında danışırıq”. Baş nazir Netanyahu idarəçilik hüququ Azərbaycanda olan Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) kəmərindən istifadə etməklə İsrail qazının Türkiyə vasitəsilə Avropa bazarlarına ixracı planını xatırladıb.

Məqalə müəllifləri qürurla qeyd edirlər ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının həyat və ənənələrinə qayğıkeş və səmimi münasibət göstərir. Bunun dünyada presedenti yoxdur: “Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər”.

Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Bu qəsəbə Azərbaycanın həqiqi qürurudur. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi etnik təmizləmə siyasətinə və təcavüzünə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal altında olmasına və ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalar və konfessiyalararası dialoqun həqiqi nümunəsi olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün siyasi və sosial şəraitin yaradılmasında zəruri səylər göstərib”, – deyə məqalə müəllifləri vurğulayırlar.

Zaman və Azərbaycan nümayiş etdirdi ki, harmoniya mümkündür və zor işlətmədən və münaqişə etmədən bütün problemləri həll etmək mümkündür. Bu barədə danışan azərbaycanlı tədqiqatçı, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayev və beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut məqalədə fikrilərini yekunlaşdıraraq yazırlar: “Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.