backend

İxtisasından 0 alan 300 müəllim, “KOR” QALAN GƏLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odlu meymun tullandı-düşdü, ora-bura qaçdı, bu ildə aləm bir-birinə qarışdı.  

Odlu meymun tullandı-düşdü, ora-bura qaçdı, bu ildə aləm bir-birinə qarışdı. 

Kimlər dalaşdı, kimlər barışdı. Meymun gah şirinlik etdi, gah da odu ilə yandırdı. Meymunun oyunları təhsil, elm və texnologiya sahəsindən də yan keçmədi.

Publika.az ötən elm və təhsil sahəsində baş verən yaddaqalan hadisələri təqdim edir.

Adını yaza bilməyən şagirdlərin sıfır bal toplayan müəllimi

Yeni-yeni araları düzələn Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının atışmaları bu il də davam etdi.

TQDK dedi ki, şagirdlər nəinki imtahan verə, heç oxuyub-yaza bilmir. Üstəlik, sayları da bir deyil, beş deyil, düz 100 nəfər. Doğru sözə nə deyəsən? Təhsil Nazirliyi də buna etirazını bildirmədi, hətta səbəbi də izah etdi. Etiraflar başlamışkən davamı da gəldi. Nazirlikdən dedilər ki, məktəblərdə adı olub, özü olmayan minlərlə “müəllim” var. Bunun qarşısını isə diaqnostik qiymətləndirmə ilə alacaqlarına söz verdilər. Qiymətləndirmə demişkən, bu il həmin imtahanlarda cənub bölgəsindən olan 300 müəllimin sıfır bal topladığını öyrəndik. Təhsil Nazirliyi isə bu faktın yalan olduğunu açıqladı. Ziddiyətli nələrsə, var.

Bu müəllimlərin şagirdləri isə necə “yetişdirdiyi”ni özünüz düşünün. Hər halda gələcəyimizin necə olacağını düşünmək belə insanı sarsıdır. Görün, özümüz öz gələcəyimizi necə məhv edir, başqa sözlə, sonumuzu gətirəcək səbəblərin təməlini atırıq.

Bu ilin təhsil rekordunu isə buraxılış imtahanlarında “2”, “3” qiymət alanlar vurdu. Amma Bakı Slavyan Universitetinə təyin edilən rektor Nurlana Eliyevanın rekordunu heç kim təzələyə bilmədi. Onun açıqlamalarını və universitetdəki yeniliklərini heç kim təkrarlaya bilməz. Rektor çox müzakirə olunduğunu görüb, mətbuata geniş bir müsahibə verdi. Amma qaş düzəldərkən, göz çıxartdı.

Yalançı elm

Rektorun yeniliklərinin qarşısında təhsildəki digər yenilikləri dilə gətirmək çətin olsa da, növbəti ildən imtahanların pullu olacağını öyrəndik. Bu da ən böyük arzusu və amalı övladının diplom alması olan valideynlərinin ürəyincə olmadı. Çünki qiymətin 25 manatdan başlayacağı ehtimalları var.

Valideynlərin tək dərdi imtahan pulu olmadı. Məktəblərdə balta çəkildi, şagirdlər döyüldü-söyüldü. Bu problemlərlə təhsil alan şagirdlərin ən çox dinlədiyi isə Üzeyir imiş, əlbəttə, soyadı Mehdizadə olan.

Bunlar azmış kimi, dövlət xətti ilə xaricdə təhsilin müvəqqəti dayandırıldığı bəyan edildi. Səbəblərə çox varmayaq, amma bu, heç də yaxşı olmadı. Bu ilin qəbul imtahanında rekord nəticə göstərən abituriyentlər isə xaricdə oxumaq istədiklərini dedilər.

Meymunun təhsili necə qatıb-qarışdığını gördünüz. Amma deyəsən, elmlə işi yoxdur, ya da elmdə qarışdırılacaq elm yoxdur. Saytlarda elm bölmələrini ələk-vələk etdik, alimlərin ölümündən başqa heç nə tapmadıq.

Səbəbini isə bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasında Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılması ilə anladıq. Bu qərar çıxan ərəfədə həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin hazırladığı “Mələk beyni” adlı konsepsiyasına görə, NASA-ya dəvət olunduğunu eşidib, sevindik. Sən dəmə, bu da meymunun bir oyunu imiş, NASA alimləri ömründə Kənan adını eşitməyib, qaldı ki, onu dəvət etsin. Deyəsən, yalançı elmlə mübarizə komissiyasının işləri yaman çox olacaq.

Dünya nələr edir…

Biz oyunlar qurub, yalanlar uydurarkən dünya alimləri doqquzuncu planeti tapıb. Kaliforniya astonomları deyir ki, bu planet 15 min il ərzində Günəş ətrafında bir dəfə dövr edir. Yerdə də maraqlı faktlar aşkarlanıb.Yerdə illərdir məhvinə çalışdığımız plastik kütlələri məhv edən bakteriyalar var imiş. Bu bakteriyalar planeti zibil qabına çevrilməkdən xilas edəcək.

Bu ilin ən yadda qalan elmi kəşflərindən birini Rusiya alimləri etdi. Dedilər ki, qravitasiya dalğaları ilə başqa dünyalara səyahət edirik. İslandiya alimləri isə artan CO2-dən (karbon qazı) xilasın yolunu tapdı. Sən demə, təbiətə zərər vermədən karbon qazını daşa çevirməyin yolu var imiş.

İsveç alimlərinin kəşfi də bəşəriyyət üçün vacib bir yenilik oldu. Alimlərin burundakı qığırdaqla oynaq ağrılarına son qoyacaqlarını açıqladılar. Çünki burun qığırdağı dünyada böyüyə bilən yeganə qığırdaqdır. Onu laboratoriya şəraitində “böyüdüb” dizə yerləşdirməklə, insanlar özlərini 60-80 yaş gənc hiss edə bilir.

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlinə daxil edilən 4 yeni elementin adını və işarəsini bu il təsdiqlədi. Elementləri kəşf edənlər həm cədvəldəki sayı artırdılar, həm də ölkələrinin adını dünya elminin siyahısına saldılar.

Sensasiyalı telefonlar

Dünya alimləri kəşfləri ilə həyatımızı asanlaşdırmaqda olsunlar bir az da texnologiyaya baxaq. Bu mövzuda yerli xəbərlərimizin yenə də üzü qaradır. Ancaq illər sonra nəhayət ki, rəqəmsal yayıma keçməyimiz də bir uğurdur. Düzdür, adaptasiya bir az çətin oldu. Amma düzəldi.

Biz wi-fi, internetin sürətini müzakirə edərkən dünya əşyaların internetinə keçir, “Apple” şirkəti ildə bir telefon hazırlayır. Növbəti ildə istifadəyə veriləcək “iPhone8”də şüşə ekrandan istifadə edilib. Klaviaturası isə plastik OLED materialdan olacaq.

“Facebook”, “İnstagram” istifadəçilərinə xoş sürprizləri ilə yadda qaldı. Eyni sözü təəssüf ki, “Samsung” üçün deyə bilməyəcəyik. Odlu meymun “Samsung”u yandırıb-yaxdı. Bir ay ərzində şirkət qızma probleminin yaranması səbəbindən 2,5 milyon telefonu dəyişmək üçün geri çağırdı. Çətin ki, “Samsung Galaxy Note 7” smartfonlarındakı rüsvayçılıqdan sonra şirkət özünə gələ.

“Nokia”nın özünə gəlməyi 10 il çəkdi. 2007-ci ildən yanlış seçimlərinə görə mobil bazarda liderliyini itirən “Nokia” növbəti ildən bazarda sensasiyalı telefonla liderlər sırasında olacağını iddia edir.

Nə deyək, təki elə olsun.