İTV-nin videoçarxı jurnalistləri AYAĞA qaldırdı: AYIB olsun! (VİDEO)

İTV-nin videoçarxı jurnalistləri AYAĞA qaldırdı: AYIB olsun! (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziyada yayımlanan videoçarxda müəllimlə jurnalistin dialoqu media nümayəndələrinin etirazına səbəb olub. Həmin dialoqda mətbuat hədəfə alınıb və təhsildə, məktəblərdə olan nöqsanlara görə jurnalistlər günahkar çıxarılıb. Məktəb müəllimi müsahibə götürmək istəyən müxbiri ucuz sensasiya yaratmaqda ittiham edir, onu dinləyən şagirdlər isə alqışlayırlar. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, jurnalistlər təhsildə olan problemləri medianın yaratmadığını qeyd ediblər və İTV-ni öz həmkarlarına hörmətsizlikdə günahlandırıblar. Tribunainfo.az məlumat verir ki, onlardan biri Bizimyol.info-nun baş redaktoru Bahəddin Həzidir. Sitat: “Təhsildəki problemi jurnalistlər yaradıb?! Bir Elm və Təhsil Nazirliyi qalmışdı jurnalisti aşağılamayan. İnana bilmirəm, inanmaq istəmirəm ki, bu, ETN-nin yaradıcılığı olsun. Elədirsə, çox təəssüf! Bu, nə videodur belə?! Məktəbdə uşaqların dalaşıb-dalaşmaması jurnalistin imlasından qaynaqlanıb?! İmla yaza bilməyən jurnalist varsa, deməli, təhsil sistemi ona bunu öyrətməyib.

Bir də ki əsl jurnalist də, əsl müəllim də bir-biri ilə o tonda danışmır. Həm də uşaqların yanında.
Bir az inandırıcı olun, cənablar və xanımlar. Hamınız elə bil sözləşibsiniz, bir ordu kimi gəlirsiniz medianın üstünə. Amma bir probleminiz olan kimi qaçırsınız jurnalistin üstünə. İTV bunu yayıb. İTV özü jurnalistika deyilmi?! Jurnalistlər bu filmlə özlərini aşağılamış olur. Niyə axı?! Nə baş verir?! Müəllimin efirə çıxmağı qəbahət kimi təqdim edilir. Nədir bu?! Videoçarxmış! Çarxımız çönüb, deyəsən.
Bəli, təhsildə də qüsurlar var, mediada. Amma bu qüsurları düzəldək deyərkən, daha böyük qüsurlara yol veririk. Bu videoya baxan uşaq nə müəllimə hörmət edər, nə jurnalistə, nə bütövlükdə cəmiyyətə. Bir-birimizin üstünə qışqıra-qışqıra problem həll edirik?!”


Editor.az-ın baş redaktoru Fərid Şahbazlı da narazılıq edib: “İTV-nin və Elm və Təhsil Nazirliyinin mediaya qarşı açıq düşmənçiliyi və hörmətsizliyi anlaşılan deyil. Çox ayıb bir video olub”.


Jurnalist İlhamə Əli: “Qonşum müəllimədir və deyir ki, direktora hörmət edirik əlavə sinif otağı verir repetitorluq etməyə. Hesab edirəm, ETN mənasız işlər görməkdənsə, bu tip məsələlərlə məşğul olsa daha yaxşı olar. Pafoslu reklam və ucuz senari ilə iş görülmür, cənab nazir!”


Reportyor.info-nun baş redaktoru Arifə Əliyeva da etiraz edib: “Bu mənasız videonun əmələ gəlməsinə nə qədər büdcədən pul silibsiz?
Sizin yarıtmaz təhsil idarəçiliyinizə görə qızımın sinifində 47 şagird təhsil alır. Ona görə də məcbur olub boğazımızdan kəsib uşaqları repetitor yanına qoymuşuq”. Həmçinin, digər sosial media istifadəçiləri də bu videoçarxa görə Nazirliyi və İTV-ni qınayıblar.