İTV əməkdaşı o tarzəni tanımalıydı? – Media qalmaqaldan danışır… (VİDEO)

İTV əməkdaşı o tarzəni tanımalıydı? – Media qalmaqaldan danışır… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziyanın müxbirinin əməkdar artist Aygün Bəylərin evi önündə yaxınlaşdığı tarzən tərəfindən kobud cavabla qarşılaşması sosial mediada müzakirələr açıb. Tribunainfo.az bildirir ki, bu məsələdə fərqli fikirlər səslənir və mövqelər haçalanır. Əksəriyyət jurnalisti müdafiə edir, lakin tənqid edənlər də var. Yazar Azər Rəşidoğlu hesab edir ki, “Xoşqədəm jurnalistikası”nın məğzi budur – çıx efirə, başqasının ailə məsələsinə burnunu sox və hamı səni tanısın: ” Həsən Əblucu, Mircavadı tanımasan da olar…

Mədəniyyət Nazirliyində də Səməndər Rzayevi tanımırlar. Mədəniyyətdən yazan jurnalist Mehdi Məmmədovu tanımır, Nolsun ki? Bir qrup məşhur jurnalist rayona yas yerinə getmişdi. Yolda maşını meyvə-tərəvəz satan qadının yanında saxlayıb, nəsə almaq istəyiblər. Müasir jurnalistikanın qurucuları olub hamısı (bir nəfərdən başqa). Qadınlar o tanınmayan jurnalistə az qala hücum çəkib, “səni tanıyırıq, Xoşqədəm xanımın verilişinə çıxırsan” deyib, o birilərinə məhəl qoymayıblar. 30 il jurnalistlik edib, 1 yazısı ilə tanınmayıb, amma Xoşqədəm xanımın verilişində qeybət etdiyinə görə tanınıb. faciədir”.
Jurnalist Anar Yusifoğlu isə qeyd edir: “İctimai TV əməkdaşı işini görüb. Amma bəzilərinə elə gəlir ki, jurnalistikada onlardan ötəsi yoxdu, dünya onların ətrafında fırlanır. Yetənə yetir, yetməyənə daş atırlar. Heç kimi bəyənmir, hamını lağ edir, hər şeyə ağız büzürlər. Hərdən bir addım önə keçib ağıl verməyə cəhd edirlər. Həyatları da ancaq cəhd etməklə keçib. Hələ ki cəhd edirlər. Uğursuzluğun günahı isə bizdə deyil. Vallah, bizdə deyil. Ay uşaqlar, gedin, o yanda oynayın!”


Azpost.info-nun baş redaktoru Xaqani Səfəroğlu: “Gənc jurnalistin tanınmış şəxsi tanımaması ilə bağlı kurioz hər redaksiyada olur. 90-cı illərin sonunda bir qəzetdə çalışırdıq. Redaktor gənc müxbiri küçədə hansısa məsələ ilə bağlı sorğu keçirməyə göndərmişdi.
Jurnalist küçədə görkəmli rejissorumuz, mərhum Lütfü Məmmədbəyova da rast gəlib ona da sualını vermişdi.
Hörmətli rejissor suala cavab verəndən sonra əməkdaş ondan özünü təqdim etməyi xahiş etmişdi. Kişi də “Lütfi Məmmədbəyov” cavabını verir.
Gənc jurnalist “necə? Lütfü? Məmməd…Bəyov?” soruşub qeyd edibmiş…
Onun səsi dikatofona da yazılmışdı. Redaktor az qala başını divara vuracaqdı.
Redaksiya gülməkdən keçmişdi.
Gənc jurnalist isə “nə bilim e, tanımadım da, qoca kişi idi…Kimdir ki, o?” deyə yenə soruşdu…”
Yenicag.az-ın baş redaktoru Aqil Ələsgər: “Bu yazılmamış gerçəklikdir ki, jurnalistika universitetlərdə öyrənilmir. Praktikasız nəzəriyyə tam anlamıyla jurnalistika deyil. Praktika-təcrübə də edilən yanlışların sayəsində formalaşır.

O baxımdan özünü dahi kimi aparıb, sanki həyatında səhv etməmiş kimi kinini mediaya qusanlardan və jurnalistikaya təsadüfi hoppananlardan fərqli olaraq, sıfırdan bu sahədə olanlar gənc jurnalistlərin səhv etmə haqqlarının olduğunun fərqindədirlər.

Dünənki hadisədə isə gənc həmkarımızın “səhv”i eqo partlaması yaşayan şəxsə mikrofon uzatmağı oldu. Əgər mən mədəniyyət sahəsində deyiləmsə, səni hardan tanıya bilərəm? Heç tanımağa da borclu deyiləm. Şəxsən mən də tanımırdım, bu sahədə çalışan həmkarlarım kim olduğunu yazana qədər.

Yas mərasimindən reportajda adamdan xaşı sarımsaqlı və ya sarımsaqsız yeməyi soruşulmayacaqdı ki?..

Gənc həmkarlarımızı daşqalaq etməməli, atılan daşın önündə dayanmalıyıq ki, jurnalistlər yetişsin. İlk addımında gənc həmkarlarımızı itə-qurda yem edəcəyiksə, media o zaman öləcək…

Çalışaq, peşəmizə və həmkarlarımıza sahib çıxaq, çıxa bilmiriksə susaq…”