Onlardan birinin ad günüdür…
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə hələ də tapılmayıblar.
Dekabrın 26-dan başladılan alpinistlərin axtarışları heç bir nəticə vermir. Məlumatlara görə dekabrın 29-da da səhər saat 5-dən etibarən yenidən axtarışlar başlanılıb. Bu barədə məlumat verən “Gilavar” hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov bildirib ki, hələ ki, dəqiq iz yoxdur: “Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır”.
Qeyd edilən qruplardan başqa Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17″ markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstənin cəlb olunduğu axtarışlarda yeni, hətta köhnə uçqun yerləri də qazılır.
Ziya Qasımov da bildirib ki, Laza istiqamətinə kimi hər yer axtarılır: “Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.
Dekabrın 28-də isə yoxa çıxan alpinistlərin dostları onların marşrutunu əks etdirən qrafika paylaşmışdılar. Onlar xilasedicilərdən axtarış apararkən, bu qrafikadan da istifadə edilməsinin işə yaraya biləcəyini demişdilər.
Ötən sayımızda da qeyd etmişdik ki, alpinistlər yola çıxan zaman onların üzərində 4 günlük azuqəsi olub. Bu baxımdan yanaşsaq, artıq itkin düşən alpinistlər haradasa sağ qalsalar belə, onların yeyəcəkləri yoxdur. Lakin bu alpinistlərin ikisi Babur Hüseynov və Niyam Bünyatov peşəkar dağçılardır. Onlar ölkə zirvələri ilə yanaşı “Kazbek”, “Elbrus” zirvələrində də olublar. Bu baxımdan onların sağ qalma ehtimalları hələ də tam sıfıra düşməyib. Dağçılar bildirirlər ki, əslində 3 nəfərin qış vaxtı dağa çıxması doğru hal deyil. Onsuz da təhlükəli olan Tufandağ zirvəsinə 3 nəfərin çıxması birmənalı şəkildə riskdir.
Yuxarıda qeyd etdiyimiz kimi axtarışa könüllülər də qoşulub. Dekabrın 28-də 150-dən artıq könüllü müraciət edərək, alpinistlərin axtarışına kömək etmək üçün hazır olduqlarını bildirib.
Bütün müraciətlər diqqətlə nəzərdən keçirilib, yalnız peşəkar bacarıqları, eyni zamanda, yerli dağ relyefi və hava şəraiti ilə tanışlığı nəzərə alaraq axtarış üçün uyğun olan 10 nəfər seçilib. Ümumilikdə isə axtarışlar 3 istiqamətdə aparılıb.
Onu da qeyd edək ki, Babur Hüseynovun sabah ad günüdür. Bu barədə axar.az saytı məlumat yayıb.
Sayt yazıb ki, o, 1990-cı il dekabrın 30-da Astara rayonunda anadan olub. Babur Hüseynov həm də Daxili İşlər Nazirliyinin əməkdaşı olub. Haqqında yazılan məlumatlarda bildirilir ki, Babur polis orqanlarına qəbul edilməzdən əvvəl də bu idman növü ilə məşğul olub. Babur Hüseynov ötən il Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042 m) çıxıb. Bu il isə Gürcüstanın Kazbek dağında (5047) olub.
Bu ilin fevral ayında alpinist Namin Bünyatov isə iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib.
Üçüncü itkin düşən xanım alpinist Fəridə Cəbrayılzadə həm də fotoqrafdır. O hətta bu sahə üzrə mükafatlar da alıb. Belə ki, ötən il F. Cəbrayılzadə “Atlas Travel” təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.
“Yeni Müsavat” axtarış barəsində danışan alpinist Elçin Quliyev bildirib ki, konkret olaraq heç bir iz yoxdur:
“Axtarışlar indi də davam etdirilir. Dağda axtarış aparan dostlarımızla hazırda əlaqə saxlaya bilmirəm. Çünki onlar dünən zirvəyə yaxın yerdə qalıblar və hazırda da üzü zirvədədirlər. Heç bir məlumat yoxdur ki, itkin düşənlər harada olublar. Sonuncu olduqları yeri araşdırmışıq, orada da heç bir iz yoxdur. Yalnız bəzi izlər tapılmışdı ki, o da tam deyildi. Çünki orada böyük uçqun olub. Dostlarımız qarın altında qala bilərlər. Normalda alpinistlərin arasında 2 metr məsafə olur. Ancaq bu da yenə də hündürlükdən asılıdır. 2 metr məsafəni də iplə gedən zaman saxlayırsan. Ancaq biz bilmirik ki, bu adamlar iplə gediblər, yoxsa ki, ipsiz. Bu da məlum deyil. Dünən 10 nəfər könüllü seçildi, onlar getdilər. Lakin deyim ki, bu könüllülərə ehtiyac yoxdur. Çünki orada hazırda zirvədə 4 nəfər peşəkar alpinist var. Digərləri də aşağıda axtarışdadırlar. Xüsusi təyinatlı dəstə isə itlərlə axtarışdadırlar. Könüllülərin getməsi əlavə yük və təhlükədir. 3 nəfərin ora getməsi də çox təhlükəlidir. Qaydalara görə minimum 4 nəfər olmalıdır. Çünki birinin başı iş gələn zaman digər ikisinin onu daşıması çətin olur. Ona görə 4 nəfər olmalıdır ki, hansısa hadisə baş verən zaman 2 nəfər başına iş gələnin yanında qalır, digər biri isə kampa və ya yaxınlıqdakı kəndə kömək çağırmağa gedir. Lakin biz hərdən qaydaları pozub 2 nəfər olaraq da dağa gedirik. Bu, doğru hal deyil. Dünyada da belədir ki, 3 nəfərin dağa çıxmasına icazə yoxdur. Ancaq bizdə adi hala çevrilib. Bəzi hallarda biz ipdən istifadə etmirik. Ancaq Bazardüzü zirvəsində ipə ehtiyac var”.