Almaniyanın “Bild” nəşri ölkənin Sosial Demokrat Partiyasına üzvlərin qəbuluna nə dərəcədə nəzarət edildiyini yoxlamaq üçün Lima adlı iti partiyaya üzv etmək üçün müraciət edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, saxta mail hesabı ilə üzvlüyə qəbul müraciətində itin adı Lima B., cinsi qadın, yaşı 21 və işsiz olaraq göstərilib. Qısa müddətdən sonra partiya itin üzvlük istəyini qəbul edib və ona (itə) koalisiya müqaviləsinin səsverməsində iştirak edə biləcəyi bildirilib. Ardınca isə Lima partiyanın müvəqqəti başqanı Olaf Şolz və Federal Məclisinin qrup rəhbəri Andreas Nahles tərəfindən Potsdamda təşkil olunacaq iclasa dəvət alıb.
Bu hadisə qəzetin manşetində dərc olunandan sonra partiyadan məsələyə münasibət bildirilib.
SDP sözçüsü üzvlərin məlumatlarının mərkəzdən yoxlanılmadığını, sadəcə üzv olan hər kəsə təşəkkür edildiyini bildirib. O, həmçinin kimlik məlumatlarını yanlış qeyd edənlər üçün qanunvericilikdə cəza nəzərdə tutulduğunu diqqətə çatdırıb.
