Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri İtaliyadan Azərbaycana idxal edilmiş dekorativ bitkilərə fitosanitar nəzarəti həyata keçirərkən zərərli orqanizm aşkar ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri İtaliyadan Azərbaycana idxal edilmiş dekorativ bitkilərə fitosanitar nəzarəti həyata keçirərkən zərərli orqanizm aşkar ediblər.
Nazirlikdən daxil olan məlumata görə, götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı “Pittosporum tobira Ball” bitkiləri üzərində karantin tətbiq edilən zərərli orqanizm olan Avstraliya şırımlı yastıcasının (Icerya purchasi Maskel, 1878) olduğu təsdiqlənib.
Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə, Sumqayıt şəhərindəki “Təmizlik Departamenti” MMC-nin poliqonunda məhv edilib.
Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar.
Aşkar olunmuş uyğunsuzluq barədə İtaliyanın Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına notifaksiya göndərilib.