Həkimlər gündəlik həyatda çoxlarının diqqət etmədiyi bir təhlükəyə diqqət çəkiblər – isti çay içmək ağız və boğaz xərçənginin yaranma riskini artırır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rzeczpospolita nəşri Avropa Baş və Boyun Xərçənginin Profilaktikası Həftəsi çərçivəsində dərc olunan açıqlamaya istinadən yazıb.
Araşdırmalara görə, içkinin temperaturu xərçəng riskinə birbaşa təsir göstərir.
Mütəxəssislərin sözlərinə görə, ağız boşluğu və boğaz xərçəngi bütün xərçəng hallarının təxminən 2,5%-ni təşkil edir. Bu xəstəlik daha çox kişilərdə rast gəlinir və əsasən siqaret, alkoqol istifadəsi və insan papilloma virusu (HPV) ilə əlaqələndirilir. Lakin həkimlər çox vaxt diqqətdən kənarda qalan başqa bir faktora – içkilərin yüksək temperaturuna – da xüsusi önəm verirlər.
İranda aparılan bir tədqiqat göstərib ki, gündə təxminən 700 ml çayın 60°C-dən yüksək temperaturda içilməsi qida borusu xərçənginə tutulma riskini 90% artırır. Ümumdünya Xərçəng Araşdırmaları Agentliyi (IARC) 65°C-dən isti içkiləri “ehtimal olunan kanserogen” kimi təsnif edir.
Medicover Stomatologia mütəxəssisi, doktor Aqneşka Yuşkyeviç bildirib ki, təhlükəli olan yalnız çay deyil – istənilən çox isti içki (su, şorba və s.) oxşar risk daşıyır.
Həkimlərin sözlərinə görə, son illərdə ağız xərçənginin artmasının bir neçə səbəbi var: pandemiyadan sonra gecikmiş diaqnozlar, siqaret çəkənlərin çoxalması, həmçinin elektron siqaretlər və nikotinli paketlərin populyarlaşması. Araşdırmalar sübut edib ki, hətta nikotinsiz elektron siqaretlərin buxarı belə ağız boşluğundakı hüceyrələrin DNT-sinə zərər verə və xərçəng mexanizmini işə sala bilər.
İmran Kərimli